Press "Enter" to skip to content

Bakı məktəbində fərqli “Son zəng” törəni – FOTOLAR/VİDEO

Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə “Son zəng”

Son yeniləmə: 15 İyun 2022 11:13

Bayraqdar.info – İyunun 14-də Azərbaycanın orta ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib. Bu tədbirlər pandemiya dövrünün bir qədər səngiməsi baxımından daha diqqətçəkən olub. Müxtəlif məktəblərdə şadyanalıq, müəllim və şagirdlərin yaradıcılıq istedadları yaddaqalan səhnələrə səbəb olub.

“Son zəng” tədbirini daha yaddaqalan və fərqli keçirən məktəblərdən biri də Bakının Binəqədi rayonundakı Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəb olub.

Məktəbdən bayraqdar.info-ya verilən xəbərə görə, tədbir Azərbaycanın Dövlət Himninin sədalarıyla açılıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra məktəbin öncəki illərdəki məzunları – 44 günlük Vətən savaşının qaziləri Azərbaycanın dövlət bayrağını tədbir məkanına gətiriblər.

Bundan sonra məktəbin builki məzunları milli bayraq önündə sıra ilə diz çökərək qürurla təzim ediblər.

Yüksək vətənpərvərlik ruhunda davam edən tədbirdə 11-cilərin maraqlı çıxışları da diqqət çəkib. Məktəblə vidalaşan məzunlar çıxışlarında doğma məktəbə və onlara dərs deyən müəllimlərə minnətdarlıq ifadə ediblər.

Tədbir milli vətənpərvər musiqi, rəqs, şeir və zəngin çıxışlarla yaddaşlara həkk olunub. Bütün tədbir boyunca Azərbaycanın və qardaş Türkiyənin bayraqları əllərdə dalğalanmağa davam edib.

Məzunların və onların əzizlərinin yüksək səviyyəli təşəkkürü və minnətdarlığı da “Son zəng”ə əlavə rəng qatıb.

Tədbirdə xüsusi nömrələrlə çıxış edən şagirdlərin geyimləri də diqqət çəkib. Onlar ön tərəfdən üzərində Azərbaycanın xəritəsi, arxa tərəfdən isə xarıbülbül təsviri üzərində işğaldan azad edilmiş rayonların adları həkk edilən köynəklər geyiniblər.

Tədbirin sonunda məktəbin direktoru, Əməkdar müəllim Almaz Həsrət çıxış edərək “Şuşa ili”nin məzunlarını və onların ata-analarını, yaxınlarını təbrik edib. O, eyni zamanda bir pedaqoq olaraq arzu və istəklərini, gözlənti və nəsihətlərini dilə gətirib.

Məktəbin direktoru Almaz Həsrətin çıxışı

Hörmətli müəllimlər, qonaqlar və əziz məzunlar.

Bu gün biz 2021-2022-ci tədris ilinin son zənginə toplaşmışıq. Ulu öndər Heydər Əliyevin bizə miras qoyduğu 15 İyun – Milli Qurtuluş Günü ərəfəsindəyik. Eyni zamanda çox əlamətdar bir tədris ilini geridə qoyuruq.

Əziz məzunlar. Siz Azərbaycanın 31 illik müstəqilliyi dönəmində ikinci məzunlarsınız ki, həyatınızın bundan sonrasını qalib ölkənin vətəndaşları kimi davam etdirəcəksiniz.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, eləcə də qəhrəman Azərbaycan övladlarının – əsgər və zabitlərimizin şücaəti nəticəsində 30 ilə qədər Ermənistanın işğalı altında qalmış torpaqlarımız azadlığına qovuşub. Bu qurtuluş Azərbaycan insanının qanı və canı bahasına başa gəlib!

Əziz məzunlar. Siz bundan sonra müstəqil həyata qədəm qoyursunuz. Müstəqil və müzəffər Azərbaycanın müstəqil vətəndaşları olaraq. Hara getsəniz, nə işlə məşğul olsanız unutmayın ki, bu Vətən sizindir. İstənilən işdə və istənilən yerdə öz vicdanınıza hesabat verməyi unutmayın. Dürüst, vicdanlı olun. Əliəyrilikdən, oğurluqdan, rüşvətdən, ələbaxımlıqdan uzaq durmağı bacarın. Çünki belə olanda sizin, ola bilsin ki, milyonlarınız olmayacaq, maddi zənginlərdən olan deyilsiniz. Lakin üzünüz ağ, alnınız hər zaman açıq olacaq. Əsl vətəndaş olacaqsınız. Cəmiyyətin ən ləyaqətli kəsimini təşkil edəcəksiniz.

Kiminiz təhsilinizi davam etdirəcək, kiminiz ordu sıralarına gedəcək, kiminiz də birbaşa istehsalatda məşğul olacaqsınız. İstənilən yerdə dediyim bu nəsihətləri mütləq yadınızda saxlayın. Ləyaqətinizi, mənliyinizi, şəxsiyyətinizi qoruyun. Həmişə yadınızda saxlayın ki, siz şəhid qanıyla sulanaraq bizə miras buraxılmış bir Vətənin övladlarısınız! Əgər hər hansı məsələdə dediklərimdən yan keçər, dilinizi qısa, boynunuzu bükük edəcək əməllərə yol verərsinizsə, həyatınızın sonrakı mərhələsi çox çətin keçəcək.

Əzizlərim! Mən sizin hər birinizə bundan sonrakı həyatınızda uğurlar diləyirəm. Təmkinli olun. Hər yerdə örnək vətəndaş olmağa çalışın. Məktəblə əlaqələrinizi də heç vaxt kəsməyin. Siz sadəcə məzun olursunuz. Amma əmin olun ki, bu 11 ildə sizə dərs demiş, sözün həqiqi mənasında sizə öz övladı kimi qayğı göstərmiş müəllimləriniz sizin üçün darıxacaq. Onlar üçün edə biləcəyiniz tək şey var: qazanacağınız uğurlar! Bəli, sizin qazanacağınız hər bir uğurunuz biz müəllimləri xoşbəxt etməyə yetəcək.

Yolunuz işıqlı olsun! Başınızın üzərindəki səma daim aydın olsun! Ailənizə, cəmiyyətimizə və bütövlükdə Vətənimizə – millətimizə layiqli insanlar kimi yetişəsiniz! Biz sizi çox sevirik, əziz məzunlar! Ona görə də gözümüz daim üzərinizdə olacaq, uğurlarınızın təqibçisi olacağıq! Canınız sağlam, ömrünüz uzun, yollarınız daim açıq olsun!

Mission News Theme by Compete Themes.