Press "Enter" to skip to content

Agentlik “Worldchefs” təşkilatı ilə əməkdaşlıq edəcək

Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası Dünya Kulinariya Təşkilatları Assosiasiyasına assosiativ üzv qəbul edilib

Son yeniləmə: 16 İyun 2022 13:18

Bayraqdar.info – Dövlət Turizm Agentliyinin (DTA) təşkilati dəstəyi ilə Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası (AKMA) Dünya Kulinariya Təşkilatları Assosiasiyasına (Worldchefs -World Association of Chefs Societies) assosiativ üzv qəbul edilib.

Bu barədə bayraqdar.info-ya iyunun 16-da Agentlikdən məlumat verilib.

Bildirilib ki, Dünya Kulinariya Təşkilatları Assosiasiyası qlobal mətbəxlərin kulinariya standartlarının saxlanması və təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərən peşəkar qeyri-hökumət təşkilatıdır: “Yüzdən çox baş aşpaz cəmiyyətlərini özündə birləşdirən qurum qastronomiya üzrə ekspertlərin təhsili, təlimi və hüquqi statuslarının gücləndirilməsi üçün müvafiq işlər görür. Qeyd edək ki, Dövlət Turizm Agentliyinin yeni qastronomiya strategiyasında “Worldchefs”lə intensiv əməkdaşlıq xüsusi yer tutur”.

Vurğulanıb ki, 2022-ci ilin iyun ayının əvvəlində Dövlət Turizm Agentliyinin dəstəyi ilə ilk dəfə olaraq azərbaycanlı kulinarlar komanda şəklində “Worldchefs” tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində təşkil olunan Dünya Baş Aşpazlarının Konqresində iştirak ediblər: “Kulinariya sahəsində dünyanın ən böyük tədbiri olan bu konqresdə 110 ölkədən 5 mindən çox nümayəndə iştirak edib. Tədbir çərçivəsində Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynovanın “Worldchefs” təşkilatının prezidenti Tomas Quqler ilə görüşü baş tutub. Bundan əlavə, azərbaycanlı aşpazlar bu il ilk dəfə olaraq “Worldchefs”in təşkil etdiyi və azərbaycanlı baş aşpazların beynəlxalq səviyyəli yarışmalarda hakim kimi iştirakına imkan yaradacaq beynəlxalq hakimlik kurslarında komanda olaraq iştirak ediblər”.

O da bildirilib ki, “Worldchefs” təşkilatı ilə əməkdaşlıq üçün Dövlət Turizm Agentliyi tərəfindən, həmçinin Dubay Beynəlxalq Kulinariya İncəsənət Mərkəzi (ICCA) ilə müzakirələrə başlanılıb: “Müzakirələr əsnasında sözügedən əməkdaşlığın təlim və sertifikasiya, texniki peşə təhsili, qastronomik turizm marşrutlarının tərtibatı və Azərbaycan qastronomiya sənayesi nümayəndələrinin dünya miqyaslı yarışlarda və tədbirlərdə yüksək səviyyədə təmsilçiliyi ilə bağlı ilkin razılıq əldə olunub”.

Mission News Theme by Compete Themes.