Press "Enter" to skip to content

Avropa jurnalistlərindən təcavüzkar Rusiyaya qarşı bəyanat

Müşfiq Ələsgərli (solda) avropalı jurnalistlərlə

Son yeniləmə: 20 İyun 2022 13:52

Bayraqdar.info – Avropa Jurnalistlər Federasiyasının (EFJ) növbəti Baş Toplantısı Türkiyənin İzmir şəhərində keçirilib. Avropanın 45 ölkəsindən 71 üzv təşkilatı təmsil edən 110 nəfər nümayəndənin qatıldığı toplantıda Azərbaycandan EFJ-nin ölkə üzrə təmsilçi təşkilatı – Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli iştirak edib.

Xəbəri bayraqdar.info-ya iyunun 20-də JuHİ Mətbuat xidmətindən veriblər.

JuHİ sədri bildirib ki, Toplantıda iki istiqamət üzrə müzakirələr keçirilib, bəyanatlar verilib, qərarlar qəbul edilib. Həmçinin EFJ komissiyalarının medianın müxtəlif mövzuları üzrə hesabatları dinlənilib.

Mövzular çox olsa da, diqqət əsasən aşağıdakı məsələlər üzərinə yönədilib:

-Dezinformasiyanın qarşısının alınması üzrə Avropa məkanında qəbul edilən qanunlara münasibət bildirilərək qeyd edilib ki, sosial şəbəkələrin inkişafına müvafiq olaraq, saxta xəbər (fake news) də sürətlə yayılır. Bunun qarşısını almaq üçün əksər ölkələrdə əlahiddə qanunlar qəbul edilir. Amma həmin qanunlarda sui-istifadə halları vardır: saxta xəbərə qarşı qanunlar həm də ənənəvi medianı əhatə edir, peşəkar medianın imkanlarını daraldır. Bu baxımdan həmin qanunlarda azad medianın imkanlarını məhdudlaşdıran bəndlərin olması təhlükə kimi dəyərləndirilib. Dövlətlərə müraciət edilib ki, dezinformasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində peşəkar medianın imkanlarını daraltmaq tendensiyasından əl çəksinlər.

-İkinci mühüm məsələ kimi jurnalistlərə qarşı təhdidlərin artması göstərilib. Qeyd edilib ki, 2022-ci ilin may ayına olan statistikaya görə, Avropa məkanında 86 nəfər jurnalist həbsdədir, 400-dən artıq jurnalist təhdid və hədə halı ilə qarşılaşıb. Bu tendensiya getdikcə yüksəlir. Avropa məkanında bu halların qarşısını almaq üçün təkliflər səsləndirilib.

Toplantıda regional medianın çətin durumda olması, getdikcə sıradan çıxması da müzakirə edilib. Regional medianın imkanlarının azalması ümumilikdə peşəkar medianın kəmiyyətinin və imkanlarının məhdudlaşması kontekstində dəyərləndirilib. Qeyd edilib ki, “Regional media insanlarla birbaşa, ilk təmas quran peşəkar mediadır və qorunub saxlanılmalıdır”.

Toplantıda Rusiya-Ukrayna müharibəsi və Rusiya mediası üzərində də xüsusi dayanılıb. Vurğulanıb ki, Rusiya mediası bu dövlətin təcavüşkar siyasətinin təbliğatçısına və təşviqatçısına çevrilir. Rusiya mediasının təcavüzkar siyasətdə təbliğat/təşviqatçı olmasını pisləyən bəyanat qəbul edilib.

Toplantı çərçivəsində EFJ-nin struktur bölmələri yenidən formalaşdırılıb. EFJ-nin prezidenti, vitse-prezidenti, idarə heyəti yeni şəxslərdən ibarət olmaqla yenidən seçilib.

JuHİ sədri Toplantı çərçivəsində müzakirələrdə iştirak edib. O, eyni zamanda tədbirə qatılmış digər Avropa ölkələrinin jurnalist təşkilatları ilə ikitərəfli görüşlər keçirib.

M.Ələsgərli Almaniya, İtaliya, Türkiyə, İspaniya jurnalist birlikləri ilə ikitərəfli münasibətlərin qurulması, inkişaf etdirilməsini razılaşdırılıb.

Bir daha qeyd edək ki, xəbəri bayraqdar.info-ya JuHİ Mətbuat xidmətindən veriblər.

Mission News Theme by Compete Themes.