Press "Enter" to skip to content

Leyla Abdullayeva: Bu, Ermənistanın üçtərəfli bəyanatı kobud şəkildə pozmasıdır

Leyla Abdullayeva

Son yeniləmə: 29 İyun 2022 16:03

Bayraqdar.info – “Ermənistan KİV-də ölkənin silahlı qüvvələrinin Baş Qərargah rəisinin müavininə istinadən yayılan bu məlumat, birmənalı şəkildə Ermənistan rəsmiləri tərəfindən Azərbaycan ərazilərinə qanunsuz hərbi birləşmələrin göndərilməsi ilə bağlı edilən növbəti etirafdır”.

Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva mətbuatın “Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisinin müavini Saak Saakyan hərbi xidmətə çağırılan vətəndaşların valideynləri ilə görüşdə Azərbaycanın Qarabağ bölgəsində erməni müddətli hərbi xidmətçilərinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları ilə əvəzlənəcəyinə dair məlumat verib. Ermənistan rəsmisinin bu açıqlamasını necə şərh edərdiniz” sualını cavablandırarkən deyib.

XİN-dən bayraqdar.info-ya iyunun 29-da verilən məlumata görə, L.Abdullayeva daha sonra bildirib: “Bu, Ermənistanın 9/10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı kobud şəkildə pozmasıdır. Xatırladırıq ki, sözügedən bəyanatın 4-cü maddəsinə istinadən Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərindən çıxarılır və paralel olaraq bu ərazilərdə Rusiya sülhməramlı kontingenti yerləşdirilir. Tərəfimizdən, bundan öncə dəfələrlə Ermənistan tərəfinin üçtərəfli bəyanatın müddəalarını pozduğu, o cümlədən qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazilərindən tam çıxarmadığını bəyan etmişik”.

L.Abdullayeva deyib ki, hazırda Azərbaycan tərəfindən münaqişə sonrası mərhələdə münasibətlərin normallaşması və sülh quruculuğu istiqamətində addımlar atıldığı bir vaxtda, Ermənistan tərəfinin belə bir yanaşması, sonuncunun bölgədə sülh yox, gərginlik yaratmaq marağını açıq şəkildə nümayiş etdirir: “Ermənistan rəsmilərinin bu açıqlaması Ermənistan tərəfinin sülhdən danışmasının riyakarlıqdan başqa bir şey olmadığını göstərir. Bu, həmçinin Ermənistan tərəfinin təcavüzkar siyasətinin bir daha açıq şəkildə təcəssümüdür”.

Mission News Theme by Compete Themes.