Press "Enter" to skip to content

Musiqili Teatrın əməkdaşı yenidən döyüş yerlərində

Murad Ağayev

Son yeniləmə: 29 İyun 2022 17:37

Bayraqdar.info – Azərbaycan Dövlət Akademik Misiqili Teatrının gənc balet artisti, Vətən müharibəsinin könüllü əsgəri Murad Ağayev Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Şuşada keçirilən tədbirdə iştirak edib.

Bu barədə bayraqdar.info-ya iyunun 29-da Teatrın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Füzulidən Şuşayadək döyüş yolu keçmiş, “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuş M.Ağayev mədəniyyət işçilərinə Vətən müharibəsi zamanı keçdiyi döyüş yerlərini göstərib, onlarla xatirələrini bölüşüb: “Mən 44 günlük Zəfər tariximizdən sonra ilk dəfədir müqəddəs Şuşa torpağına ayaq basıram. Hər qarışı əzizdir… Bu barədə danışmaq o qədər də asan deyil. Haqq-ədalət savaşımızda döyüş yoldaşlarımı itirdim… Nə qədər ağır və çətin günlər yaşasaq da, eyni zamanda o günlər şərəfli idi… Akademik Musiqili Teatr ailəsinin bir üzvü kimi könüllü olaraq döyüşlərdə iştirak etdiyimə görə qürur duyuram…”

O, daha sonra deyib: “İndiyə qədər aldığım bütün mükafatlar dəyərlidir, amma Şuşa torpağında olduğumu hiss etmək tam başqadır. Sözlər duyğularımı izah etməyə acizdir, sevincim, qəhərim bir-birinə qarışıb. İndi o anlar kino lenti kimi göz önümdən keçir… Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Teatrımızın işıqçısı Əliağa Məmmədov olmaqla, Zəfər tariximizi yazan şəhidlərimizlə qürur duyuram”.
Qeyd edilib ki, Bakı Xoreoqrafiya Akademiyasının kollecini bitirən Murad Ağayev 2015-ci ildən Akademik Musiqli Teatrda çalışır. İndiyə qədər teatrın repertuarında olan əksər tamaşalarda iştirak edib. Böyük qələbədən sonra teatrda ona baletmeyster assistenti vəzifəsinin icrası da həvalə olunub: “Vətən müharibəsində göstərdiyi igidliyə görə M.Ağayev ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin 24 iyun 2021-ci il tarixli sərəncamı ilə Laçının azad olunmasına görə” medalına layiq görülmüşdür”.

Mission News Theme by Compete Themes.