Press "Enter" to skip to content

Beynəlxalq qurumlardan peşə təhsili festivalına dəstək

Son yeniləmə: 2 İyul 2022 10:18

Bayraqdar.info – İyulun 2-də İçərişəhər Qoşa Qala meydanında “Bir Peşənin Sirri” adlı festival keçiriləcək. Festival Avropa İttifaqı (Aİ), BMT-nin İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı ilə təşkil olunacaq.

Bu barədə bayraqdar.info-ya BMTİP-in Azərbaycan ofisindən məlumat verilib.

Bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd peşə təhsilinin əhatə dairəsini daha da genişləndirmək, gənclərin, valideynlərin o cümlədən bütün maraqlı tərəflərin peşə təhsili haqda məlumatlılığın artırılması və bu prosesə cəlb edilməsini təmin etməkdir: “Festivalda qonaqları Bakı və müxtəlif regionları təmsil edən peşə təhsil müəssisələrinin turizm, sənaye, kənd təsərrüfatı, İKT və ictimai iaşə istiqamətlərində təhsil alan tələbələrinin əl işlərindən ibarət sərgilər, ustad dərsləri və müxtəlif fəaliyyətlər gözləyir. Bununla yanaşı tədbir iştirakçıları üçün “WorldSkills Azerbaijan” platforması çərçivəsində əyləncəli oyunlar, viktorinaların keçirilməsi də nəzərdə tutulub”.

Qeyd edilib ki, “Bir Peşənin Sirri” festivalına Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi dəstək verir: “Festivalın tərəfdaşı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, media tərəfdaşı isə İctimai Televiziya və Radio Yayımları şirkətidir. Festival saat 12:00-18:00 aralığında keçiriləcək”.

Mission News Theme by Compete Themes.