Press "Enter" to skip to content

Yunanıstan və onun arxasındakılar yerini bilməlidir

Hulusi Kılıç

Son yeniləmə: 11 Avqust 2022 12:00

Hulusi Kılıç: Türkiyə kiminsə haqqını pozmadığı kimi, öz haqqının da pozulmasına imkan verməyəcək

Bayraqdar.info – “Son illər Türkiyə dənizdə qazma işləri aparan aparıcı dünya ölkələrindən biri səviyyəsinə yüksəlib. Avqustun 10-da Türkiyənin dənizdəki karbohidrogen axtarış fəaliyyətini sürətləndirəcək dördüncü qazma gəmisi “Abdülhamid Han” Cümhurbaşqanı Recep Tayyip Erdoğanın iştirakı ilə keçirilən mərasimdən sonra ilk missiyası üçün yola salınıb. Gəminin istismara verilməsi ilə bağlı yeni “Navtex” (dənizçilər üçün elan) elan edilib. Elana əsasən, gəmi oktyabrın 7-dək Doğu Akdenizdə “Yörükler-1” quyusunda fəaliyyət göstərəcək”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç söyləyib.

"Abdülhamid Han" gəmisi
“Abdülhamid Han” gəmisi

Dünyadakı nadir qazma gəmilərindən biri…

Səfir qeyd edib ki, “Abdülhamid Han” üstün texnologiyası ilə dünyada nadir qazma gəmilərindən biri hesab edilir: “Dünyada bu gəmidən cəmi 5 ədəd var ki, onun da biri məhz Türkiyədədir. Texniki təchizat və fiziki xüsusiyyətləri ilə diqqət çəkən gəminin uzunluğu 238 metr, eni 42 metr, hündürlüyü isə 112 metrdir. Gəmi 12 min 200 metr dərinlikdə qazma qabiliyyətinə malikdir. Onu da bildirim ki, 200 nəfərlik ekipaj tutumu olan 9 mərtəbəli gəmidə helikopter meydançası da var”.

H.Kılıç deyib ki, daha öncə Türkiyənin 3 qazma gəmisi vardı: “Bunlar “Fateh”, “Yavuz” və “Kanuni” idi. Beləliklə, “Abdülhamid Han” ilə birlikdə dörd qazma gəmimiz oldu. Bu gəminin fəaliyyəti mühüm əhəmiyyət kəsb edəcək. Antalyada Gazi Paşa ilçəsinin sahillərindən dənizə buraxılan gəmi yuxarıda da vurğulandığı kimi “Yörükler-1” quyusunda axtarış aparacaq. Ümid edirik ki, gəminin qazma işləri aparacağı bölgədə ən qısa müddətdə təbii qaz yataqları aşkar ediləcək”.

Türkiyə Mavi Vətəndə öz haqlarının müdafiəsini davam etdirəcək

Qardaş ölkənin bu istiqamətdəki fəaliyyətinə Yunanıstan tərəfindən göstərilən reaksiyaya gəlincə, H.Kılıç bildirib ki, Türkiyə Mavi Vətəndə öz haqlarının müdafiəsini davam etdirəcək.

Türkiyə Cümhurbaşqanı "Abdülhamid Han" gəmisinin önündə
Türkiyə Cümhurbaşqanı “Abdülhamid Han” gəmisinin önündə

Bu məqamda xatırladaq ki, Mavi Vətən Türkiyənin Qara dəniz, Doğu Akdeniz və Egeydə elan etdiyi dəniz yurisdiksiyası ərazilərini əhatə edən doktrinadır. Məlumatlara əsasən, Mavi Vətən anlayışı ilk dəfə 14 iyun 2006-cı ildə Dəniz Qüvvələri Komandanlığında Qara Dəniz və Dəniz Təhlükəsizliyi simpoziumunda Cem Gürdeniz tərəfindən təqdim edilmişdir. Cihat Yaycının inkişafına töhfə verdiyi konsepsiya 2010-cu ildə onun “Dənizin Əsas Qanunu” kitabında öz əksini tapmışdır. 2015-ci ildən sonra Mavi Vətən Türkiyənin dəniz sularındakı fəal və hərbi gücə əsaslanan strategiyasının təməlini təşkil etdi və 2019-cu ildə Türkiyə tarixində ilk dəfə Qara dəniz, Egey və Aralıq (Akdeniz) dənizlərində eyni vaxtda “Mavi Vətən” təlimi keçirildi.

H.Kılıç vurğulayıb ki, Türkiyənin heç kimsənin haqlarında gözü yoxdur: “Amma Türkiyə öz haqlarının da kimsə tərəfindən pozulmasına, zəbt edilməsinə heç zaman imkan verməyib, bundan sonra da verməyəcək. Onu da deyim ki, qonşumuz Yunanıstan “böyük qardaşlarına” güvənərək özünə aid olmayan bölgələri də özünə aid kimi göstərməkdədir. Bu da istər-istəməz Türkiyə ilə Yunanıstan arasında böyük bir gərginlik yaratmaqdadır. Biz hər zaman Yunanıstanla xoş münasibətlər şəklində qonşuluq etmək istəmişik, buna önəm vermişik. Yunanıstanın isə buna uyğun cavab verməməsi, gərginliyə və qarşıdurmaya hesablanmış siyasətə üstünlük verməsi hər kəsə məlumdur”.

Yunanıstan Avropa Birliyinin üzvü olmasından sui-istifadə edir

Bildirilib ki, Yunanıstan Avropa Birliyinin üzvü olmasından sui-istifadə edir: “Yunanıstan AB-ni də arxasına alaraq Türkiyəyə qarşı əsassız iddialar səsləndirir, Türkiyənin haqlarını tapdalamaq istəyir. Lakin bu cəhdlər əbəsdir. Dediyim kimi, Türkiyə kiminsə haqqını pozmadığı kimi, öz haqqının da pozulmasına imkan verməyəcək. AB ölkələri də Yunanıstanın bu cür ərköyün davranışlarını davam etdirməsinə imkan verməməlidir. Eyni şəkildə ABŞ da Yunanıstanın etdiyi yanlışlıqlara loyal yanaşmamalıdır. Dövlətlərin ərazi suları bəllidir. Addımlar bu ərazi suları daxilində atılmalıdır. Kimsəni təhdid etmirik, amma kimsənin də təhdidinə boyun əyməyəcəyik. 85 milyon türk xalqının haqqını qorumaqda davam edəcəyik. Bunu hər kəs eşitsin və bilsin”.

Mission News Theme by Compete Themes.