Press "Enter" to skip to content

Azərbaycanın növbəti siyasi-diplomatik uğuru

Yeganə Hacıyeva

Son yeniləmə: 1 Sentyabr 2022 15:50

Yeganə Hacıyeva: Azərbaycan tərəfinin qətiyyətli mövqeyi sayəsində Brüsseldə Ermənistanın bütün təxribatçı cəhdləri boşa çıxıb

BAYRAQDAR MEDİA – “Brüsseldə 4 saat davam edən görüşdə Ermənistan tərəfi öz ənənəsinə sadiq qalaraq əvvəlki razılaşmalara zidd addımlar atmağa, iki ölkə arasında sülh sazişinin hazırlanması üçün Azərbaycan və Ermənistanın işçi qruplarının birgə fəaliyyəti mexanizminin yaradılmasına mane olmağa çalışıb. Lakin məhz Azərbaycan Prezidenti İlham Əliyevin səyi və diqtəsi ilə keçən gərgin danışıqlar nəticəsində erməni tərəfi Azərbaycan və Ermənistan işçi qrupunun görüşü, həmçinin birgə fəaliyyəti üçün  razılaşmağa məcbur edilib. İşçi qrupunun ilk iclası yaxın vaxtlarda baş tutacaq”.

Bunu politoloq Yeganə Hacıyeva Prezident İlham Əliyevin Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan ilə avqustun 31-də Brüsseldə keçirilən görüşünü BAYRAQDAR MEDİA-ya şərh edərkən deyib.

Ermənistanın boşa çıxan cəhdləri

Politoloq bildirib ki, Azərbaycan artıq öz işçi qrupunu yaradıb: “Rəsmi İrəvan isə hələ ki, müvafiq qrup yaratmayıb və bu istiqamətdə müvafiq addımlar atılması üçün gecikir”.

Y.Hacıyeva bildirib ki, Brüsseldə keçirilən son görüşün yekunlarına dair bəyanatın hazırlanması zamanı Ermənistan təxribatçı addımlar atmağa və müxtəlif təqdimat altında “Qarabağ məsələsi”ni ümumu mətnə salmağa cəhdlər edib: “Azərbaycan isə bu mövzunun ölkənin daxili işi, ölkə konstitusiyasının tənzimlədiyi məsələ olduğundan mətndən çıxarmağa nail olub. Ermənistanın başqa bir cəhdi də Azərbaycan vətəndaşları olan etnik ermənilərlə bağlı olub. Lakin onların bu cəhdi də boşa çıxıb. Azərbaycan nümayəndə heyəti Azərbaycan vətəndaşı olan Qarabağ ermənilərinin gələcəyi ilə bağlı məsələni müzakirə etməkdən imtina edib”.

Müsahibimizin sözlərinə görə, diqqəti çəkən digər məqam isə erməni tərəfinin Brüsseldə əvvəlki danışıqlarda olduğu kimi, Moskva müqaviləsində nəzərdə tutulan nəqliyyat və tranzit kommunikasiyalarının həyata keçirilməsinə qarşı çıxması olub. Lakin dediyimiz kimi bütün bu cəhdlər nəticəsiz tamamlanıb. AB-nin yekun sülh sazişi üçün irəli sürdüyü təklif hər iki tərəfdən razılıqla qarşılanıb. Bu təklifə əsasən, sentyabr ayında hər iki ölkənin xarici işlər nazirləri sülh sazişinin mətnlərinin layihələrini hazırlayacaq və bu, növbəti görüşdə müzakirə olunaraq daha sonra imzalanacaq. Bir sözlə, Azərbaycan tərəfinin qətiyyətli mövqeyi sayəsində Brüsseldə Ermənistanın bütün təxribatçı cəhdləri boşa çıxıb”.

AB bu məsələlərlə məşğul olmağa davam edəcək

Bəlli olduğu kimi, Brüssel görüşündə humanitar məsələlər, o cümlədən ərazilərin minalardan təmizlənməsi, məhbuslar və itkin düşənlərin taleyi barədə də ətraflı müzakirə aparılıb. Həmin məqama toxunan Y.Hacıyeva deyib ki, Ermənistan tərəfi həmişəki kimi Birinci Qarabağ müharibəsində itkin düşmüş və girov götürülmüş şəxslərin aqibəti ilə bağlı səhih məlumatlar verməkdən yayınıb: “Lakin Ş.Mişel itkin düşmüş və əsir götürülmüş şəxslərlə bağlı qətiyyət nümayiş etdirib, ümumilikdə məhbusların azad edilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, AB bu məsələlərlə məşğul olmağa davam edəcək”.

O ki qaldı sərhəd məsələsinə, politoloq deyib ki, bundan əvvəlki görüşdən sonra sərhədlərin delimitasiyası ilə bağlı bütün məsələlərdə irəliləyişin olması müsbət dəyərləndirilib: “Bu prosesin sabit vəziyyətdə, daha yaxşı necə formada təmin edilməsi yollarının araşdırılması haqqında razılaşma əldə olunub. Eyni zamanda sərhəd komissiyalarının növbəti iclasının noyabrda Brüsseldə keçirilməsi barədə razılıq əldə edilib. AB həmçinin humanitar məsələyə, daha dəqiq desək, hər iki tərəfin əhalisini uzunmüddətli davamlı sülhə hazırlamağın vacibliyinə xüsusi həssaslıqla yanaşır. Bu məqam avqustun 31-də keçirilən görüşdən sonra bir daha vurğulanıb”.

Rəsmi Bakı haqlı olaraq bu mövqeyi bir daha ortaya qoydu ki…

“Ümumilikdə avqustun 31-də keçirilən Brüssel görüşünü Azərbaycanın növbəti siyasi-diplomatik uğuru kimi dəyərləndirə bilərik. Azərbaycan Ermənistanın uzunmüddətli, davamlı sülhə məcbur edilməsi elementlərini özündə ehtiva edən mövqe ilə çıxış etdi və AB-nin bu istiqamətdə dəstəyini daha da gücləndirməyin vacibliyini diqqətə çatdırdı. Rəsmi Bakı haqlı olaraq bu mövqeyi bir daha ortaya qoydu ki, yekun sülh hər iki ölkənin, ümumilikdə region ölkələri və xalqlarının rifahı naminə daha sürətli iqtisadi inkişafa təkan verəcək”, – deyə Y.Hacıyeva sonda bildirib.

Mission News Theme by Compete Themes.