Press "Enter" to skip to content

Mingəçevir məktəbi “Arşın mal alan”ı təqdim edəcək

Məşqdən görüntü

BAYRAQDAR MEDİA – Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin kollektivi tərəfindən “Arşın mal alan” musiqili tamaşasının məşqlərinə başlanılıb.

Xəbəri sentyabrın 2-də BAYRAQDAR MEDİA-ya məktəbdən veriblər.

“Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin kollektivi tərəfindən 18 Sentyabr Milli Musiqi Günü ilə əlaqədar “Arşın mal alan” musiqili tamaşasının məşqlərinə başlanılıb”, – deyə xəbərdə bildirilir.

Daha sonra qeyd edilir ki, “tamaşa müasir teatr elementləri ilə zəngindir. Musiqi məktəbinin müəllimlərinin rol aldığı tamaşanın quruluşçu rejissoru Mingəçevir Dövlət Dram teatrının baş rejissoru, Prezident mükafatçısı Vüsal Mehrəliyev, rejissor assistenti İbrahim Türksoy, musiqi rəhbəri məktəbin müəllimi İradə Xəlilova və layihə rəhbəri Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümovadır”.

Tamaşanın 17 sentyabrda nümayiş olunacağı bildirilir.

“Qeyd edək ki, “Arşın mal alan”ın ilk tamaşası 1913-cü il oktyabrın 25-də Bakıda Tağıyev teatrında səhnəyə qoyulub. Tamaşanın quruluşçu rejissoru Hüseynqulu Sarabski, dirijoru Müslüm Maqomayev idi. H.Sarabski Əsgər, Əhməd Ağdamski Gülçöhrə, Məmməd Hənifə Terequlov Süleyman, Ələkbər Hüseynzadə Soltan bəy, Gülsabah xanım Asya, Olenskaya Telli rolunu ifa edib”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.