Press "Enter" to skip to content

Türkmənistan Prezidenti Baş katibi qəbul edib

Serdar Berdimuhamedov və Bağdad Amreyev

BAYRAQDAR MEDİA – Qardaş Türkmənistanın Prezidenti Serdar Berdimuhamedov sentyabrın 5-də Aşqabadda Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdad Amreyevi qəbul edib.

Xəbəri BAYRAQDAR MEDİA-ya sentyabrın 6-da TDT-dən veriblər.

Xəbərdə deyilir ki, Baş katib Prezidentə TDT-nin gündəlik fəaliyyəti və qurum çərçivəsində davam edən iş birliyi haqqında bilgi verib.

“Baş katib üzv ölkələr arasında, xüsusilə də əsas sahələrdə səmərəli çoxtərəfli əməkdaşlıq üçün möhkəm hüquqi bazanın inkişaf etdirilməsinin əhəmiyyətini vurğuladı. B.Amreyev bununla əlaqədar olaraq Beynəlxalq Kombinə edilmiş Yük Daşımaları haqqında, Sadələşdirilmiş Gömrük Dəhlizi haqqında, Xidmətlər və İnvestisiyalarda Azad Ticarət, Türk İnvestisiya Fondunun yaradılması haqqında sazişlərin yekunlaşdırılmasının vacibliyinə toxundu”, – deyə xəbərdə bildirilir.

Daha sonra qeyd edilir ki, S.Berdimuhamedov “təşkilatın qardaş türk dövlətləri arasında çoxşaxəli əməkdaşlığın qorunub saxlanılmasında əldə etdiyi mühüm nailiyyətlərdən məmnunluğunu ifadə etdi və Türkmənistan rəhbərliyinin bu istiqamətdə Baş katibin səylərini dəstəklədiyini vurğuladı”.

“Cənab S.Berdimuhamedov Türkmənistanın təşkilat çərçivəsində əməkdaşlığın real potensialını üzə çıxaracaq daha fəal rol oynamaq əzmində olduğunu bir daha vurğuladı. Bu nöqteyi-nəzərdən Türkmənistan Prezidenti baş katiblə mövcud əməkdaşlıq mexanizmlərinin inkişaf etdirilməsi və xüsusilə iqtisadiyyat, nəqliyyat və enerji sektorlarında, eləcə də gənclər, mədəniyyət, təhsil, turizm və sağlamlıq kimi digər əməkdaşlıq sahələrində yeni mexanizmlərin yaradılması haqqında fikirlərini bölüşüb.” Bu sözlər də TDT-nin xəbərində yer alıb.

“Baş katib Türkmənistan Prezidentinə 2022-ci il noyabrın 11-də Səmərqənddə keçiriləcək TDT zirvə toplantısına hazırlıq və zirvənin gündəliyində duran mühüm məsələlər barədə də məlumat verib. O, zirvə zamanı və zirvədən sonra Türkmənistanın rolunun artacağına ümid etdiyini bildirib”, – deyə xəbərdə qeyd edilir.

Daha sonra bildirilir ki, “Prezident TDT-nin qarşıdan gələn Səmərqənd zirvə toplantısının türk dünyasının birliyinin möhkəmləndirilməsi və təşkilatın fəaliyyətinin gücləndirilməsi üçün daha bir dönüş nöqtəsi olacağına əminliyini ifadə edib”.

Tərəflər beynəlxalq və regional gündəliyin aktual mövzuları ətrafında da fikir mübadiləsi aparıblar.

Mission News Theme by Compete Themes.