Press "Enter" to skip to content

Bu iş kifayət qədər uğurlu alındı

Türkiyədə yaşayan azərbaycanlılara dövlət xidmətlərinin çatdırılması məqsədilə Səyyar ASAN xidmət avtobusu vasitəsilə xidmət göstərilib

Son yeniləmə: 8 Sentyabr 2022 14:22

Ülvi Mehdiyev: Gələcəkdə digər xarici ölkələrə yaşayan azərbaycanlılara da bu cür xidmət göstərmək niyyətindəyik

BAYRAQDAR MEDİA – “Türkiyənin Samsun şəhərində keçirilən Aerokosmik və texnologiya festivalı (TEKNOFEST) günləri çərçivəsində “ASAN xidmət” olaraq iştirak etdik. Fürsətdən istifadə edib, həm də ölkə rəhbərinin tapşırığına uyğun olaraq Türkiyədə yaşayan azərbaycanlılara dövlət xidmətlərinin çatdırılması məqsədilə Səyyar ASAN xidmət avtobusu vasitəsilə xidmət göstərdik. Məqsədimiz Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarına dövlət xidmətlərini çatdırmaq oldu”.

Bunu jurnalsitlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Onun sözlərinə görə bu iş kifayət qədər uğurlu alındı: “Çünki Türkiyədə uzun illər yaşayan azərbaycanlılar var ki, onlar müxtəlif sənədlərin dəyişdirilməsi üçün ölkəyə qayıtmalı idilər, müəyyən xərc və vaxt itirməli idilər. Lakin biz Səyyar ASAN xidmət avtobusu vasitəsilə onların dövlət xidmətlərinə əlçatanlığını təmin etdik”.

Ü.Mehdiyev digər ölkələrdəki azərbaycanlılar üçün də belə şəraitin yaradılacağını deyib: “Gələcəkdə digər xarici ölkələrə yaşayan azərbaycanlılara da bu cür xidmət göstərmək niyyətindəyik. Hələ ki, əldə etdiyimiz təcrübəni təhlil edirik. Bu, bir az genişmiqyaslı tədbirdir. Ona görə də hazırlayıb layihə formasında həyata keçirəcəyik”.

Mission News Theme by Compete Themes.