Press "Enter" to skip to content

Bizə lağlağı yox, təhsil lazımdır…

Azər Həsrət

Son yeniləmə: 10 Sentyabr 2022 17:47

BAYRAQDAR MEDİA – Elm və təhsil naziri Emin Əmrullayev bəlkə də dövrümüzün ən səmimi, ən açıq dövlət rəsmilərindəndir. Hər kəslə hər mövzuda danışır, istənilən suala cavab verir, sosial mediada əlçatandır. Yəni Prezident İlham Əliyevin islahatları işığında təyin etdiyi bir nazir olaraq tam yerinə oturmuş yüksək vəzifəli şəxsdir. Üstəlik də oliqarx deyil, korrupsiyadan uzaqdır, tayfabaz, klan xidmətçisi də olmadığı bəllidir. Yəni bir nazir olaraq əlindəki imkandan sui-istifadə etmir, çapıb-talamır, əksinə, ona həvalə edilmiş sahəni sağlamlaşdırmaq üçün durmadan çalışır. Əlbəttə, biz də bir qayda olaraq belə yanaşmanı təqdir edirik.

İndi bu nazir bugünlərdə Bakı şəhərinin təhsil işçiləri ilə görüşdə ölkə təhsili ilə bağlı acı gerçəkləri dilə gətirib. Bildirib ki, məktəblərdə elə müəllimlər var ki, adi sözləri belə düzgün yaza bilmirlər. Bunu da imtahan yoluyla müəyyən ediblər.

Nazirin açıqlamasında bir neçə söz, o cümlədən də “şaftalı” sözünün düzgün yazılmamasına diqqət çəkilib. Nazir bildirib ki, imtahan verən müəllimlər bu sözü “şafdalı” kimi yazıblar…

Belə bir durum nə deməkdir? Bu haqda aşağıda fikirlərimizi yazacağıq. Lakin ona qədər diqqətimizi çəkən və təəssüfümüzə səbəb olan bir durum haqqında danışmaq istərdik.

…Hətta ağlı başında olan ciddi adamlar da nazirin bu “şaftalı” örnəyinə bənd olaraq onu yıxıb-sürüyürlər. İddia edirlər ki, “müəllimin “şaftalı” sözünü yaza bilməməsi deyil, “şaftalı ala bilməməsi” daha böyük faciə imiş. Bu adamlar iddia edir ki, müəllimlər o qədər aşağı maaş alırlar ki, o maaşla 2 kq şaftalı almağa imkanları çatmırmış. Və bunu ağlı başında sandığımız adamlar deyir…

Onlardan bəzilərinə tövsiyə etdim ki, müəllimlərin maaşlarıyla maraqlansınlar. Görsünlər ki, müəllim maaşı Azərbaycan şəraitində “şaftalı almağa” yetirmi, yetmirmi? Bəlli oldu ki, dostlarımızın bəzilərinin ümumiyyətlə müəllim əməyinin qiymətləndirilməsi barədə bilgisi yoxdur! Amma buna baxmayaraq nazirin o xoş məramlı paylaşımını topa tuturlar…

Maarifləndirmək üçün yazırıq. Bilənlərdən də xahiş edirik ki, bilməyənlərə xəbər versinlər. Azərbaycanda hazırda müəllimin maaşı 552 manatdan başlayır. Yəni bu rəqəm minimumdur. Bu da nə deməkdir? O deməkdir ki, 21 yaşlı bir gənc ali təhsilini başa vurub bir məktəbdə müəllim kimi işə başlarsa, onun alacağı ən aşağı maaş 552 manat olacaq. Azdırmı? Məncə az deyil. Və əlavə olaraq illər keçdikcə, staj artdıqca müəllim maaşı da artır. Bu da son deyil. Avqust ayında məktəb rəhbərliyi və müəllimlərin əməkhaqlarına əlavələr də müəyyən edildi. Bu əlavələrə görə, sertifikasiyadan keçərkən 50 baldan yuxarı toplamış müəllimlərin əməkhaqqına 35 faiz əlavə edilir. Yəni 552 manat minimum maaş alan müəllimin əməkhaqqına o məbləğin 35 faizi – 193 manat məbləğində artım nəzərdə tutulur. 552+193=745 manat. Azdırmı? Yəni hələ heç 3 il stajı olmayan bir gənc müəllim belə bir maaşla işə başlayırsa doğrudanmı “şaftalı almağa” pul tapmayacaq?

Hə, indi kimsə deyəcək ki, 50 baldan az toplayanların əməkhaqqına əlavə 10 faiz təşkil edəcək axı. Düzdür. Demək ki, daha yaxşı pul almaq üçün daha savadlı olmaq lazımdır. Amma bu 10 faiz də az deyil əslində. 552 manatın 10 faizi də 55 manat edir. Yəni 552+55=607 manat. Bunun da açması odur ki, müəllim maaşı ən azı 600 manatdan başlayır…

Və bu 600 manatı almaq üçün bir müəllim həftədə neçə saat işləsə yaxşıdır? Cəmi 18 saat! Bəli, məhz bu 18 saat işə görə müəllim bu qədər maaş alır. Az deyil axı! Əməlli-başlı maaşdır bu. İndi nəzərə alaq ki, başqa sahələrdə işləyən şəxslər həftədə ən azı 35-40 saat işdə olduqları halda 500 manat maaşı güclə alırlar. Müəllimsə həftədə cəmi 18 saat işləməklə ən azı 600 manat sabit maaşı təmin etmiş olur.

Bunun bir fərqli yöndən açması da odur ki, 8 saatlıq iş günü çərçivəsində baxarsaq, müəllim üst-üstə cəmi 2 tam gün işdə olur. Və yeri gəlmişkən, müəllimin dərs saatı heç də bizim bildiyimiz tam saat da deyil. Bu saat cəmi 45 dəqiqə təşkil edir. Bunu ümumi iş saatına çevirəndə 18 dərs saatı x 45 dəqiqə = 13,5 xalis saat. Belə olanda isə heç 2 iş günü də etmir və yenə də buna görə ən azı 600 manat maaş alınır. Əlbəttə, buraya tənəffüs dəqiqələrini də əlavə etsək, yenə də 2 iş günü etməyəcək. Azdırmı? Məncə deyil. Həftənin 5 iş günündən ümumilikdə cəmi 2-sini sərf edərək bu qədər əməkhaqqı almaq, qalan 3 iş günündə sərbəst olmaq, məncə az şey deyil. O sərbəst günlərdə əksər müəllimlər başqa işlərdə işləyir, əsasən də repetitorluq edir və yaxşı da pul qazanırlar.

İndi qayıdaq nazir E.Əmrullayevin qaldırdığı məsələyə. Təbii ki, onun diqqətə çatdırmaq istədiyi əsas məsələ sadəcə hansısa sözün düzgün yazılışıyla bağlı deyil. Nazir bununla demək istəyir ki, ay mənim sevimli vətəndaşlarım, məktəblərdə bəzən (hətta çox sayda) adi sözləri düzgün yaza bilməyənlər belə dərs deyir. Biz onlardan qurtulmaq istəyirik. Təhsildə keyfiyyət dəyişikliyi istəyiriksə, obrazlı desək, yağla şoru bir-birindən ayırmalıyıq. Adam düz deyir! Bəli, ən adi ümumişlək sözləri belə düzgün yaza bilməyənləri məktəbin yanına belə buraxmaq olmaz!

İndi sual oluna bilər ki, belə adamlar necə olub məktəblərdə müəllim işinə düzəlib? Deyim də. Bir vaxtlar ölkədə xaos idi. İndiki kimi dövlət nəzarəti yox idi. Özbaşınalıq hökm sürürdü. Elə bir durumda bəzi şərəfsiz məmurlar rüşvət, tanışlıq, qohumluq qarşılığında kimi gəldi məktəblərə müəllim kimi işə qəbul etmişdilər. Və təəssüflər olsun ki, həmin o təsadüfi adamlar hələ də müəllim işləyir! Uyğun təhsili yox, dünyagörüşü sıfırın altında, hansısa haram yollarla gəlib məktəbə müəllim düzəlib bu adamlar. Həm də belələri illərdir bizim uşaqlarımızı kor qoyur! Azərbaycan təhsilini geri çəkir! Dövlətin və millətin irəli getməsini əngəlləyir!

Nazir E.Əmrullayev də işinin ustası olduğu üçün bu durumu fərq edib, ondan birdəfəlik yaxa qurtarmaq üçün addımlar atır. Biz nə edirik cəmiyyət olaraq? Lağlağı! Bəli! Nazirin bu xoş məramlı, millətin aydınlanmasına hesablanmış təşəbbüslərini gözdən salmaq üçün dəridən-qabıqdan çıxırıq! Özü də bu kampaniyaların arxasında birmənalı olaraq təsadüfi və haram yollarla müəllim kimi müqəddəs ada yiyələnmiş, əslində isə ümumiyyətlə məktəbdən uzaq tutulması gərək olanlar dayanır! Təmizlənmə prosesi axı onları layiq olmadıqları işdən uzaqlaşdıracaq!

Əgər biz nazirin bu cür təşəbbüslərini gözdən salmaq yerinə ona dəstək versək, əmin olun ki, daha uşaqlarınızı repetitor yanına göndərməyə, buna külli miqdarda pul xərcləməyə ehtiyac olan deyil! İstəmirsinizmi ki, uşaqlarınız əlavə xərc hesabına repetitor yanında deyil, elə birbaşa məktəbdə – parta arxasında yüksək təhsil və hazırlıq əldə etsin? Şəxsən mən istəyirəm! Ona görə də belə təşəbbüslərin arxasındayam!

Nə qədər ki, təhsilimizdə rüşvətxor, haramzada adamlar qalmağa davam edəcək, bu ölkə irəli gedə bilməyəcək! Əgər vaxtında təhsilimizdə belə təmizləmə işləri aparılsaydı, əmin olun ki, indi Azərbaycanda bu cür müzakirələrə də yer qalmazdı.

Sonda: Yəqin ki, bu yazımı sonadək oxuyanların arasında dərs saatlarının bölgüsündəki ədalətsizlikdən, yaxud da bəzi məktəblərdə lazım olduğundan çox müəllimin işləməsindən şikayət edənlər olacaq. Bilirəm bütün bunları. Elə hörmətli nazir də bu məsələləri kökündən həll etmək üçün çalışmaqdadır. O çalışır ki, fənn-müəllim nisbəti elə tənzimlənsin ki, hər bir müəllim ən azı 18 saatlıq dərs yüküylə təmin edilsin. Eyni zamanda məktəblərdə doğrudan da savadlı pedaqoqlar dərs keçsin. Hamımız bunu istəmirikmi? Şəxsən mən istəyirəm.

Mission News Theme by Compete Themes.