Press "Enter" to skip to content

Türkiyə Cümhurbaşqanından Azərbaycana zəng: Yanınızdayıq!

İlham Əliyev və Recep Tayiip Erdoğan

BAYRAQDAR MEDİA – Sentyabrın 13-də Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Xəbəri Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Söhbət zamanı R.T.Erdoğan Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı Azərbaycan hərbi qulluqçularının şəhid olması ilə əlaqədar Prezident İ.Əliyevə, onların yaxınlarına və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.

Azərbaycan Prezidenti başsağlığına görə minnətdarlığını bildirib.

R.T.Erdoğan qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu qeyd edib və həmrəy olduqlarını vurğulayıb.

İ.Əliyev qardaş Türkiyənin hər zamankı kimi, Azərbaycanın yanında olduğunu, Azərbaycanın da hər zaman bütün məsələlərdə qardaş Türkiyənin yanında olduğunu qeyd edib.

“Ermənistanın genişmiqyaslı hərbi təxribatının qarşısının Silahlı Qüvvələrimiz tərəfindən şücaətlə və yüksək peşəkarlıqla alındığını, şəhidlərimizin qanının yerdə qalmadığını, onların intiqamının alındığını deyən Prezident İlham Əliyev bu genişmiqyaslı hərbi təxribatların məsuliyyətinin bilavasitə Ermənistanın üzərinə düşdüyünü bildirdi”, – deyə xəbərdə bildirilir.

Tərəflər Azərbaycanla Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini bir daha vurğulayıb.

Mission News Theme by Compete Themes.