Press "Enter" to skip to content

Polşada VI Beynəlxalq Türkologiya Konqresi keçiriləcək

BAYRAQDAR MEDİA – Sentyabrın 19-dan 21-dək Polşanın Varşava Universitetinin təşkilatçılığı ilə “Türk Dünyası Araşdırmaları – Multidissiplinar Perspektivlər” adı altında VI Beynəlxalq Türkologiya Konqresi keçiriləcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan məlumat verilib.

Bildirilib ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistanın Polşadakı səfirlikləri, eləcə də Yunus Əmrə İnstitutu, Karaim İrsi Fondu konqresin təşkil olunmasında əsas tərəfdaş qismində çıxış edirlər.

Məlumata əsasən, Fondun prezidenti Günay Əfəndiyeva konqresdə fəxri qonaq qismində iştirak edəcək: “Konqresdə türk xalqlarının tarixi, siyasəti, iqtisadiyyatı, incəsənəti, dili və ədəbiyyatı, o cümlədən bu gün və keçmişdə türklərin yaşadıqları coğrafi ərazilər, bu sahədə həyata keçirilən müasir araşdırmalar və tədqiqatlar ətrafında müzakirələrin aparılması gözlənilir”.

Konqres çərçivəsində Azərbaycan və türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhərinə həsr olunacaq panelin və Şuşanın tarixi, ictimai, siyasi, mədəni həyatını əks etdirən nadir fotolar əsasında sərginin təşkil edilməsi, muğam triosunun çıxışı, eləcə də milli mətbəx nümunələrinin təqdim edilməsi nəzərdə tutulur.

Konqres çərçivəsində, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Gülər Abdullabəyovanın XIX əsrdə Azərbaycan və Polşa ədəbi əlaqələrindən bəhs edən kitabının təqdimatı da həyata keçiriləcək.

Mission News Theme by Compete Themes.