Press "Enter" to skip to content

Benefisiarlar üçün hippoterapiya seansları

“Hippoterapiya və Sosial Reabilitasiya” layihəsinin iştirakçıları

Son yeniləmə: 21 Sentyabr 2022 17:01

BAYRAQDAR MEDİADOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində sosial-psixoloji dəstək məqsədilə dünya təcrübəsindən faydalanaraq, müasir reabilitasiya yanaşmalarından istifadə edilir. Mərkəzdə yenilik olaraq bu sahədə araşdırmalarla təsdiqlənmiş, ölkəmizdə daha az yayılmış terapiya növünün – “Hippoterapiya və Sosial Reabilitasiya” layihəsinin reallaşdırılmasına başlanılıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 21-də Mərkəzin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd edilib ki, layihə çərçivəsində ehtiyacı olan benefisiarlar hippoterapiya seanslarına cəlb ediləcəklər: “Hippoterapiya atlarla psixoterapiya üsuludur və bu müalicə metodu əlilliyi olan şəxslərin psixoloji durumunun yaxşılaşdırılmasına müsbət təsir göstərir, eləcə də kommunikasiyanı sürətləndirir. Hippoterapiyanın autizm, serebral iflic, artrit, dağınıq skleroz, travmatik beyin zədəsi, insult, onurğa beyni zədəsi, davranış və psixi pozuntular kimi nevroloji və digər xəstəlikləri olan şəxslərin reabilitasiyasında effektivliyi elmi nəticələrlə sübut edilib. Metod eşitmə və görmə qabiliyyətinin zədələnməsi hallarında da geniş tətbiq olunur. Müalicəvi atçılıq biomexaniki təsir göstərərək, ümumilikdə insan orqanizmini gücləndirir. At sürərkən düzgün qamət üçün çapar tarazlığı saxlamalı, hərəkətlərini əlaqələndirməli və sinxronlaşdırmalıdır. Belə vəziyyətdə məsələn, serebral iflic xəstəsində adi halda hərəkətsiz qalan əzələlər işə salınır. Müxtəlif şiddətdə psixi pozuntuları olan şəxslərdə harmonik qavrayış, qayğı hissləri yaxşılaşır”.

Layihənin səmərəli təşkilini təmin etmək üçün DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə “Murad Atçılıq” MMC arasında anlaşma memorandumu imzalanıb: “Kompleksdə peşəkar atçılıq təlimləri keçirilir. Razılaşmaya əsasən, seansların 4 nəfərlik qrup şəkilində, həftədə 2 dəfə keçirilməsi nəzərdə tutulur. Memorandumun məqsədi DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları üçün kompleksdə hippoterapiya seanslarına müvafiq şəraitin yaradılmasını təmin etməkdir. Layihə aidiyyəti olan digər müəssisələrin də bu metoddan yararlanmasına dəstək göstərəcək”.

Qeyd edilib ki, bu müalicə üsulundan geniş şəkildə 1970-ci illərdən başlayaraq Amerikada istifadə olunur: “Hippoterapiyanın İngiltərədə İkinci Dünya müharibəsində xəsarət alanların, həmçinin əqli geriliyi olan şəxslərin müalicəsində səmərəli nəticələr verdiyinə dair məlumatlar mövcuddur. Bu səbəbdən də 20-ci əsrin ortalarında bir çox Avropa ölkələrində atlarla psixoterapiya mərkəzləri qurulub. 1992-ci ildə Amerika Hipoterapi Assosiasiyası yaradılıb və bu metod hazırda müxtəlif ölkə həkimləri və digər tibb mütəxəssisləri tərəfindən pasiyentlərə tövsiyə edilir. Amerikanın Fiziki Terapiya, Peşə Müalicəsi və Nitq-Dil-Eşitmə Assosiasiyaları da hippoterapiyadan geniş şəkildə faydalanır”.

Mission News Theme by Compete Themes.