Press "Enter" to skip to content

Göyçay çayında mühafizə tədbirləri

Göyçay çayında aparılan mühafizə tədbirləri

Son yeniləmə: 21 Sentyabr 2022 16:30

BAYRAQDAR MEDİA – “Azərbaycan Meliorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsi təsdiq edilən plana uyğun olaraq bir neçə çayda məcratəmizləmə və bəndbərkitmə işlərini davam etdirir. Ümumiyyətlə idarənin fəaliyyəti xidməti ərazilərində yaşayış məntəqələrini, xalq təsərrüfatı obyektlərini sel və daşqın sularından qorumaqdan ibarətdir”.

Bunu BAYRAQDAR MEDİA-ya Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib.

Onun sözlərinə görə, idarənin balansında ümumilikdə 1491 kilometr uzunluğunda torpaq mühafizə bəndləri mövcuddur: “Bunun 936 kilometri Kür çayı, 134 kilometri Araz çayı, 421 kilometri isə dağ çayları boyuncadır. İdarə tərəfindən Kür çayının sahillərinin intensiv yuyulan yerlərində qaya uçmalarının qarşısını almaq məqsədilə 2012-2021-ci illər ərzində 14 min 320 metr uzunluğunda, 36 min 6178 kubmetr həcmində daş betonla sahilbərkitmə işləri aparılıb. 2022-ci ilin əvvəlindən bu günə kimi isə maşın və mexanizmlərin köməyi ilə cari təmir hesabına 2 min 748 min kubmetr həcmində torpaq işləri yerinə yetirilib. Çaylarda yarana biləcək sel təhlükəsinin qarşısını almaq və qabaqlayıcı tədbirlər görmək məqsədilə hazırda Göyçay çayında mühafizə bəndlərinin təmiri və məcratəmizləmə işləri həyata keçirilir. Bu işlərin görülməsi üçün Göyçay çayına idarənin xeyli sayda texnikası cəlb olunub”.

Qeyd edilib ki, Göyçay çayında ilin əvvəlindən etibarən zəif sayılan yerlər nəzarətə götürülüb, hissə-hissə olmaqla 4 kilometrdən çox məsafədə həm məcratəmizləmə, həm də bəndbərkitmə işləri həyata keçirilib. Artıq istər Göyçay çayında, istərsə də digər çaylarda mühafizə tədbirləri il boyu davam etdiriləcək.

Mission News Theme by Compete Themes.