Press "Enter" to skip to content

Sərgidə 60-dan çox xarici təşkilat təmsil olunacaq

BAYRAQDAR MEDİA – Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 5-9 oktyabr 2022-ci il tarixində Bakı Ekspo Mərkəzində 8-ci Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcəkdir. Sərgidə 16 ölkədən 60-dan çox xarici təşkilat, 130 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunacaqdır.

Nazirlikdən bildirilib ki, sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar iştirak edəcəklər: “Eyni zamanda sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcəkdir. Sərgi müddətində müxtəlif formatda 200-dən çox tədbirin təşkili nəzərdə tutulur”.

Məlumata əsasən, Xalq şairi Ramiz Rövşən və tanınmış şair Aqşin Yenisey 8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin “fəxri yazarları” olacaqlar: “5 gün ərzində hər iki şairin iştirakı ilə müxtəlif formatda tədbirlər təşkil ediləcəkdir. 8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin “fəxri qonaq ölkəsi” Türkiyədir. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qardaş ölkənin mədəniyyətinin nümayişi məqsədilə sərgi salonunda və bir sıra mədəniyyət müəssisələrimizdə müxtəlif formatda silsilə tədbirlər keçiriləcəkdir. Eyni zamanda Türkiyənin dünyaşöhrətli yazarları, tarixçiləri, elm adamları və aktyorları sərgidə iştirak edəcəklər”.

Məlumatda daha sonra deyilir: “Ziyarətçilərin “Elmlər akademiyası”, “28 may” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcəkdir. Sərginin iş vaxtı: 10:00-dan 20:00-dəkdir. Ziyarətçilər bu link vasitəsilə qeydiyyatdan keçməklə buraxılış vərəqələrini əldə edə bilərlər. Sərgiyə giriş ödənişsizdir”.

Mission News Theme by Compete Themes.