Press "Enter" to skip to content

Böyük Britaniya kağız əskinaslardan imtina edir

Avstraliya əskinasları / CNBC

Son yeniləmə: 28 Sentyabr 2022 13:51

BAYRAQDAR MEDİA – Sentyabrın 23-də Bloomberg agentliyi yazıb ki, Böyük Britaniya 20 və 50 funt sterlinq dəyərində olan kağız əskinaslardan tam imtinanın sonuncu həftəsini elan edib. Yəni sentyabr ayı başa çatanadək hər kəs əlində olan bu dəyərdə əskinasları xərcləməli, dəyişməli və onlardan qurtulmalıdır. Əks təqdirdə oktyabrın 1-dən etibarən həmin əskinaslar sadəcə kağız parçasına çevrilmiş olacaq.

Bəs buna səbəb nədir? Bloomberg buna da aydınlıq gətirib. Britaniyanın bank rəsmiləri bəyan edib ki, ölkə bu dəyərdə olan kağız əskinasları tam olaraq polimer əskinaslarla əvəz edir.

Hazırda Böyük Britaniyada dövriyyədə ümumilikdə 11 mlrd funt sterlinq dəyərində 20 və 50 nominallı kağız əskinas var. Onları əvəz etmək üçünsə 6 mlrd dəyərində 20 funtluq, 8 mlrd dəyərində 50 funtluq polimer əskinaslar hazırlanıb.

Azərbaycan üçün yeni sayılacaq bu məsələ ilə bağlı Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramova müraciət etdik.

Millət vəkili Vüqar Bayramov
Millət vəkili Vüqar Bayramov

Həmsöhbətimiz deyir ki, dünyanın bir sıra inkişaf etmiş ölkələri artıq polimer əskinaslara keçib və bu keçid vüsət almaqdadır. O, qeyd edir ki, bu təcrübəni ilk olaraq uzaq Avstraliya araşdırıb və tətbiqinə qərar verib. Çünki araşdırmalar polimer əskinasların kağız əskinaslardan bir sıra üstünlüklərinin olduğunu göstərib. Hər şeydən öncə bəlli olub ki, polimer əskinaslar təhlükəsizlik baxımından kağız əskinasları ciddi şəkildə üstələyir. Eyni zamanda polimerin ömrü kağızdan ən azı 2,5 dəfə uzundur. Başqa bir üstünlük isə polimer əskinasların çapına daha az xərcin tələb olunmasıdır. Polimerlər həm də ətraf mühitə daha az zərər vuran, təbiət dostu kimi xarakterizə olunur.

Azərbaycana gəlincə, V.Bayramov deyir ki, bununla bağlı müzakirələr olsa da real iş yoxdur. Azərbaycan hələ ki, tam olaraq kağız əskinaslardan istifadə edir.

V.Bayramovun fikrincə, dünyada polimer əskinasların istifadəsi təbii şəkildə genişlənəcəyi təqdirdə Azərbaycanın da bu yöndə real addımlar atmasının müzakirəsinə zərurət var. Müsahibimiz əmindir ki, dünyada bu yöndə dinamika artdıqca Azərbaycan da geri qalmayacaq.

Açıq mənbələrdəki bilgilərə görə, artıq 50-dən artıq ölkədə polimer əskinaslara keçid gerçəkləşdirilib. Onlardan bəziləri qismən, bəziləri isə tam olaraq bunu edib.

Belə olan halda polimer və kağız əskinasların müqayisəsinə də diqqət çəkək. Hansı daha üstündür? Yaxud, polimer əskinasların müsbət və mənfi yönləri hansılardır?

Bu suallara da açıq mənbələrdə cavab tapmaq olar.

Polimer əskinasların üstünlükləri: suyadavamlılıq; tozadavamlılıq; uzunömürlülük; saxtalaşdırma çətinliyi; yenidən istehsala yararlılıq.

Polimer əskinasların mənfi yönləri: qatlamaq çətindir; sürüşkəndir; islandıqda yapışqanlığı artır; solma riski var; istehsalında heyvan mənşəli yağdan da istifadə edilir.

Yeri gəlmişkən, işin içində heyvan mənşəli yağın olması ətraf mühit qoruyucularının bu əskinasların istehsalına qarşı çıxmasına səbəb olub.

Bizə gəlincə, şəxsi fikrimiz budur ki, indiki elektron əsrdə artıq ümumiyyətlə maddi daşıyıcı kimi əskinaslardan imtina etmək lazımdır. İndi dünyanın rəqəmsal valyutaya keçməsi daha məqsədəuyğun olardı. Əlbəttə, biz bitkoyn filan məsələsini nəzərdə tutmuruq. Diqqət çəkmək istədiyimiz məsələ üz tanıma texnikasından istifadə edərək insanların pul varlıqlarını idarə etməsidir. Yəni sifətimizi rəqəmsal qurğulara oxutmaqla ödəniş edə, pul ala və başqa əməliyyatlar həyata keçirə bilərik. Beləsi təbiət üçün daha sərfəlidir həm də…

Mission News Theme by Compete Themes.