Press "Enter" to skip to content

“Orxundan Orxan Qaziyə”

Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli açılış mərasimində çıxış edərkən

Son yeniləmə: 29 Sentyabr 2022 14:16

Beynəlxalq Türk Akademiyasının arxeoloji qazıntılarının nəticələrinə dair foto sərgi təşkil edilib

Məleykə Mirzəli – BDU-nun Türkoloji dərnəyinin rəhbəri

BAYRAQDAR MEDİA – 26 sentyabr 2022-ci il tarixində Beynəlxalq Türk Akademiyası “Orxundan Orxan Qaziyə” adlı beynəlxalq arxeoloji və mədəni ekspedisiya çərçivəsində Türkiyənin Bursa şəhərindəki Teyyare Mədəniyyət Mərkəzində Monqolustanda tapılan arxeoloji qazıntılar və tarixi əsərlərdən ibarət sərgi təşkil edib.

Tədbir zamanı
Tədbir zamanı

Sərginin açılış mərasimində Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli, Bursa Bələdiyyə Başçısı Alinur Aktaş, Azərbaycanın Ankaradakı səfiri Reşad Məmmədov, Qazaxıstanın Ankaradakı səfiri Yerkebulan Sapiyev, Monqolustan Akademiyasının Arxeologiya İnstitutunun direktoru Geleqdorj Eregzenin rəhbərlik etdiyi monqol alimlərdən ibarət nümayəndə heyəti, türkiyəli alimlər – Türk Dil Qurumunun rəhbəri prof. Gürer Gülsevin, Avrasiya Yazıçılar Birliyinin rəhbəri Yaqub Öməroğlu, Qafqaz Universitetlər Birliyinin prezidenti prof. Ramazan Qorxmaz, İzmir Katip Çələbi Universitetinin müəllimi prof. Şaban Doğan, Yedditəpə Universitetinin Tarix bölməsinin müdiri prof. Əhməd Daşağıl, məşhur qırğız türkoloq alimi prof. Kadirəli Konkobaev, azərbaycanlı türkoloq-alimlər Elçin İbrahimli, Afaq Məmmədova, Güllü Yoloğlu və digər qardaş ölkələrin təhsil, media nümayəndələri iştirak edib.

Sərginin açılışı
Sərginin açılışı

İltəriş Qutluq Xaqan abidə kompleksinə və onun kitabəsinə həsr olunmuş sərgini Akademiyanın vitse-prezidenti dr. Füzuli Məcidli açıb. O, türk adının ilk dəfə işləndiyi bu türkcə kitabənin təqdimatının 26 Sentyabr – Türk Dili Günündə keçirilməsinin çox önəmli olduğunu bildirib. F.Məcidli, həmçinin qeyd edib ki, bu kimi təqdimatların ilin sonunadək Bakı və türk dünyasının digər böyük şəhərlərində keçirilməsi nəzərdə tutulur.

Sərgidəki əsərlərlə tanışlıq
Sərgidəki əsərlərlə tanışlıq

Bundan sonra çıxış edən Monqolustan Elmlər Akademiyası Arxeologiya Tarix İnstitutunun direktoru prof. Gelendorj Ereqzen Nomqon düzündə aparılmış elmi-arxeoloji ekspedisiyasının nəticələrini paylaşıb. Ereqzen qeyd edib ki, Qutluq Xaqan kompleksi son illərdə Monqolustanda qədim türk dövrünə aid ən mühüm kəşfdir. Monqolustan Elmlər Akademiyasının Orta əsrlər Arxeoloji Tədqiqat Sektorunun rəhbəri prof. Altangerin Enxtor, Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutunun eksperti Tserenxand Buyanhişiq və Beynəlxalq Türk Akademiyasının ekspertləri dr. Napil Bazılxan və dr. Nurbolat Böqenbayev xüsusi sessiyada arxeoloji kəşf haqqında geniş məlumat verib.

Daha sonra professorlar – Ə.Daşağıl, G.Gülsevin, R.Qorxmaz, X.Şirin və bir çox başqa elm adamları söz alaraq çıxış edib, ətraflı fikir mübadiləsi aparıblar. Alimlər Nomqon bölgəsində aşkar edilən Qutluq Xaqan kompleksinin əhəmiyyətinə diqqət çəkərək bunun türkologiya üçün mühüm hadisə olduğunu qeyd ediblər. Həmçinin yeni kəşfin Beynəlxalq Türk Akademiyasının uzunmüddətli birgə elmi işinin nəticəsi olduğunu və qurumun əməyini yüksək qiymətləndirdiklərini bildiriblər. Türkoloqların fikrincə, qədim türk, soqd və brahmi yazılarının, xüsusən də abidə kompleksində tapılan kitabənin daha dərindən tədqiqi türk tarixinin yeni səhifələrini açacaq.

Görüş çərçivəsində Beynəlxalq Türk Akademiyasının nəşr etdiyi “Tonyukuk” və “Kültegin” kitabları da ictimaiyyətə təqdim olunub. Tədbir çərçivəsində Türk Dil Qurumunun rəhbəri Gürer Gülsevin Beynəlxalq Türk Akademiyası və Nomqon arxeoloji qazıntı qrupunun üzvlərini 90 illik yubileyini qeyd edən Türk Dil Qurumunun xüsusi mükafatını Napil Bazılxan, Altangerel Enxtor, Nurbolat Böqenbayev, Tserenxandy Buyankhişiq və Gonchigiin Batbolda təqdim edib. Xatırladaq ki, Beynəlxalq Türk Akademiyası və Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutunun birgə apardığı elmi arxeoloji ekspedisiya nəticəsində Monqolustanın Arxanqay rayonunun Nomqon düzündə İltəriş Qutluq Xaqanın abidə kompleksi və kitabəsi aşkar edilib.

İltəriş Qutluq Xaqan abidə kompleksinə və onun kitabəsinə həsr olunmuş sərgi
İltəriş Qutluq Xaqan abidə kompleksinə və onun kitabəsinə həsr olunmuş sərgi

Onu da qeyd edək ki, proqramda çıxış edən Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş Türk Akademiyasının kəşfinin türk dünyası və dünya elmi üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Sözügedən foto sərgidə Nomqon vadisində və Şiveet Ulan kompleksində aparılan arxeoloji qazıntıların fotoşəkilləri və buradan tapılan qiymətli abidələr ictimaiyyətə təqdim olunub.

Akademiyanın təşkil etdiyi tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Macarıstan, Monqolustan, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin və Rusiya Federasiyasının Tatarıstan və Başqırdıstan respublikalarından ziyalıların nümayəndələri, tanınmış alimlər iştirak ediblər.

 

Mission News Theme by Compete Themes.