Press "Enter" to skip to content

Təhsillə bağlı daha bir görüş

“Məktəb fəaliyyətinin dəyərləndirilməsi və qiymətləndirilməsi: müasir yanaşmalar” mövzusunda görüş

Son yeniləmə: 29 Sentyabr 2022 13:41

BAYRAQDAR MEDİA – “Məktəb fəaliyyətinin dəyərləndirilməsi və qiymətləndirilməsi: müasir yanaşmalar” mövzusunda görüş keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 29-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə BŞTİ müdiri Mehriban Vəliyeva, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, Elm və Təhsil Nazirliyinin Ümumi və təhsilin təşkili və idarəolunması sektorunun müdiri Fuad Qarayev, Corc Vaşinqton Universitetinin professoru Elizabet Qrant, Avropa Azərbaycan Məktəbinin direktoru, Beynəlxalq Məktəblər Şurası (CIS) İdarə heyətinin üzvü, Qafqaz və Orta Asiya üzrə Beynəlxalq Bakalavriat məktəbləri Assosiasiyasının sədri Françesko Bankini, Humanist Pedaqogika üzrə Təhsil Təşkilatlarının Beynəlxalq Assosiasiyasının prezidenti Asif Cahangirov və Corc Vaşinqton Universitetinin proqram direktoru Sevinc Məmmədova iştirak ediblər.

Məlumata əsasən, BŞTİ müdiri M.Vəliyeva paytaxt məktəblərinin fəaliyyəti, təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. O, müəllimlərin sertifikasiyası və məktəb-valideyn əməkdaşlığı barədə məlumat verib, yeni dövrün çağırışlarına uyğun keyfiyyətli təhsilin başlıca hədəflərdən olduğunu diqqətə çatdırıb.

Çıxış edən F.Qarayev təhsil müəssisələrində tədrisin effektiv idarə olunması, təlim-tərbiyə prosesinin keyfiyyətinin yüksəldilməsi, təhsilin inkişafı ilə bağlı qarşıya qoyulan hədəflərdən danışıb.

Tədbir zamanı
Tədbir zamanı

Avropa Azərbaycan Məktəbinin direktoru F.Bankini, Humanist Pedaqogika üzrə Təhsil Təşkilatlarının Beynəlxalq Assosiasiyasının prezidenti A.Cahangirov və digər çıxış edənlər beynəlxalq qiymətləndirmə standartlarının tətbiqi, müasir, innovativ tədris metodlarının təcrübəyə gətirilməsi, müəllimlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi və diğər məsələlər barədə danışıblar: “Görüşdə məktəb fəaliyyətinin dəyərləndirilməsi və qiymətləndirilməsində mövcud problemlər, nəticə indikatorları, məktəbdaxili dəyərləndirmə və qiymətləndirmənin təşkili, məktəblərin reytinqi, meyarlar və digər məsələlər ətrafında müzakirələr aparılıb. Qeyd olunub ki, təhsil islahatlarına dair bu cür müzakirələrin vaxtaşırı təşkil olunması mühüm əhəmiyyət kəsb edir”.

Məlumatda o da bildirilib ki, görüş Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin nəzdində Humanist Pedaqogika üzrə Təhsil Təşkilatlarının Beynəlxalq Assosiasiyası, ABŞ-ın Corc Vaşinqton Universiteti və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Mission News Theme by Compete Themes.