Press "Enter" to skip to content

Növbəti qara ləkə

Dr. Yücel Karauz

Son yeniləmə: 17 Noyabr 2022 15:52

Dr. Yücel Karauz: Fransanın daha öncə Afrikada, dünyanın müxtəlif yerlərində həyata keçirdiyi qanlı olayalar, müstəmləkə siyasəti necə lənətlənirsə, bu qətnamə də o cür lənətlənəcək

BAYRAQDAR MEDİA – “Fransa Senatının qəbul etdiyi qətnamə tarixdə “utanc, rəzillik abidəsi” kimi qalacaq. Fransanın daha öncə Afrikada, dünyanın müxtəlif yerlərində həyata keçirdiyi qanlı olayalar, müstəmləkə siyasəti necə lənətlənirsə, bu qətnamə də illər keçsə də o cür lənətlənəcək”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.

Onun sözlərinə görə, Fransa öz dəyərlərinə, demokratik dəyərlərə, ölkələrin ərazi bütövlüyünə və beynəlxalq hüququn normal və prinsiplərinə zidd olan və heç bir hüquqi əsası olmayan bu qətnamənin qəbulu ilə bir daha hansı yolla getdiyini sərgiləyib: “Bu qərarın heç bir qüvvəsi yoxdur. Düzdür, bu ermənilər üçün hardasa bir təsəlli rolunu oynaya bilər. Ancaq bu qətnamənin regionda yenidən müharibənin başlanmasına təkan verəcəyini də düşünmürəm. Çünki dünya təkcə Fransadan ibarət deyil. Digər tərəfdən Vətən müharibəsi zamanı Ermənistan və onun xarici havadarları Azərbaycan ordusunun gücünü gördü”.

Müsahibimiz qeyd edib ki, əslində, Fransa Senatının bu addımı bir məsələni də yenidən gündəmə gətirib: “Söhbət ATƏT-in Minsk Qrupunun savaşdan öncəki fəaliyyətindən gedir. Yəni bu qətnamənin ruhunda məhz Minsk Qrupunun fəaliyyət, daha doğrusu fəaliyyətsizlik mexanizmi dayanır desək, heç də yanılmarıq. Minsk Qrupu münaqişənin həllinə yanaşmada bu cür mövqe sərgilədiyi üçün uzun illər Azərbaycan torpaqları Ermənistanın işğalı altında qaldı”.

“Bu qətnamənin qəbulu regionda yeni müharibəyə səbəb ola bilərmi” sualına gəlincə Dr. Y.Karauz bu ehtimalı mümkün saymır: “Bu gün Fransa dedikdə göz önünə hazırda Avropada və dünyada nüfuzunu itirmiş, dövlət maraqlaırnı hansısa lobbilərin marağına qurban vermiş, dünyada sülhə, inkişafa mane olan bir ölkə gəlir. Bu ölkə Qafqazda sülhün əldə edilməsi üçün hansısa şərt qoya bilməz. Özü də bu şərtin qeyri-qanuni, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu da xüsusi olaraq vurğulamalıyıq. Yəni, bu qətnamə heç bir şey ifadə etmir. Sadəcə Fransanın tarixinə növbəti qara ləkə kimi düşəcək”.

Müsahibimiz deyib ki, bu addım digər tərəfdən Fransanı regionda özünün varlığını təmin etmək istəyi kimi də dəyərləndirilməlidir: “Bundan başqa, Fransanın daxili və xarici siyasətdə çox ciddi problemləri var. Bu problemlərdən xilas üçün Fransadakı erməni lobbisinin dəstəyini almaq istəyirlər. Amma bu məsələdə Qafqazlarda gərginlik yaratmaq, Qarabağdan kart kimi istifadə etmək onlara nə şərəf, nə də uğur gətirəcək. Digər tərəfdən Fransa bilsin ki, Azərbaycan öz sözünü Vətən müharibəsində söyləyib, möhürünü vurub. Bütün dünya görüb ki, Qarabağ Azərbaycan torpağıdır. Eyni zamanda, başqa ölkələrin Azərbaycanın ərazi bütövlüyünə qarşı hər hansı fikir və cəhdlərinə dəmir yumuruqla nöqtə qoyulmuşdur. Bunu bütün dünya bilsin ki, Qarabağda yaşayan ermənilər ancaq Azərbaycan vətəndaşı ola bilərlər və bu ölkənin qanunlarına əməl etmək onların borcudur. Terrorçular və Ermənistan silahlı qüvvələri isə bir an öncə o bölgəni tərk etməlidirlər. Əgər Fransa erməniləri belə çox sevirsə o zaman Qarabağdakı separatçı erməniləri göndərək, Parisdə onlara bir ərazi ayırsınlar”.

“Hesab edirəm ki, Fransa bu bədnam qətnamədən sonra ATƏT-in Minsk Qrupundan istefa etməlidir. Düzdür Vətən müharibəsindən sonra bu qrupun heç bir önəmi qalmayıb. Amma bu günə kimi həmin qrupun üzvü olaraq qaldığını bəyan edən Fransa bundan sonra özündə cəsarət tapıb istefa verməldir. Çünki məlum bədnam qətnamə ilə bitərəflik prinsipini, o cümlədən BMT-nin dövlətlərin ərazi bütövlüyünü toxunulmazlıq prinsipini pozan bu ölkənin Qafqaz regionu ilə bağlı hər hansı qrup və yaxud təşkilatda təmsil olunmağa mənəvi haqqı yoxdur”.

Mission News Theme by Compete Themes.