Press "Enter" to skip to content

“Tək millət – tək ürək”dən “Qardaş ailə”yə

Şəhid ailələri ilə Şanlıurfadan olan qonaqların görüşündən xatirə fotosu

Son yeniləmə: 4 Yanvar 2023 15:11

Hüseyin Büyükfırat: Bakı ilə Şanlıurfa arasında bağların daha da möhkəmlənməsi üçün birlikdə bir çox layihələr həyata keçiriləcək

BAYRAQDAR MEDİA – 2020-ci il 44 günlük Vətən müharibəsi bir çox məqamları ilə tarixə düşdü. Bu müharibə eyni zamanda, Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Həmin günlər qardaş Türkiyədə 7-dən 77-yə hər kəs Azərbaycanda baş verənləri böyük həyəcanla izlədi. Hətta müxtəlif şəhərlərdə keçirilən dəstək aksiyalarında türkiyəli bacı-qardaşlarımız lazım gələrsə Azərbaycanda gəlib döyüşə biləcəklərini də bəyan etdilər.

Ziyarət zamanı
Ziyarət zamanı

Eyni həssas yanaşma müharibədən sonra da davam etdi və hazırda da edir. Vətən müharibəsinin şəhidlərinin ailələrinə və qazilərə Azərbaycanla yanaşı qardaş Türkiyədə də xüsusi həssaslıqla yanaşılır.

Elə türkiyəli iş adamı, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfıratın Milli Məclisin deputatı Ramil Həsənlə birgə başlatdıqları “Tək millət – tək ürək” aksiyasına verilən dəstək də bunu bir daha təsdiqlədi.

Qonaqlar mətbuata açıqlama verərkən
Qonaqlar mətbuata açıqlama verərkən

Xatırladaq ki “Tək millət – tək ürək” Beynəlxalq Humanitar Qardaşlıq Platforması çərçivəsində şəhid və qazi ailələrinin övladlarının Türkiyənin universitetlərində burslu (təqaüdlə) təhsil almaları üçün müvafiq addımlar atılıb. Artıq ortada real nəticə də var. Bu təşəbbüs özlüyündə daha bir mütərəqqi ideyanın irəli sürülməsinə səbəb olub. Belə ki, “Tək millət – tək ürək” Beynəlxalq Humanitar Qardaşlıq Platforması çərçivəsində İkinci Qarabağ müharibəsində şəhid olan mayor İlkin Əhədzadə və pilot mayor Abbas Qasımovun ailələrinin Sivas və Şanlurfaya səfərləri təşkil edilib. Bu səfər çərçivəsində isə H.Büyükfırat tərəfindən daha bir layihə, “Qardaş ailə” layihəsi ideyası irəli sürülüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya məlumat verən Hüseyin Büyükfırat deyib ki, “Qardaş ailə” layihəsi çərçivəsində Azərbaycandan 44 şəhid ailəsinin Türkiyəyə səfəri təşkil edilib, orada 44 Türkiyə şəhid ailəsi ilə qardaşlaşması reallaşdırılacaq. Eyni zamanda, Türkiyədən də şəhid ailələrinin Azərbaycana səfəri nəzərdə tutulub.

Qeyd edək ki, ötən ilin son günlərində “Qardaş ailə” layihəsi çərçivəsində Azərbaycana maraqlı bir səfər də reallaşıb. Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin başqanı Zeynel Abidin Beyazgül və Haliliye Bələdiyyəsinin başqanı Mehmet Canpolat şəhid mayor İlkin Əhədzadə və pilot mayor Abbas Qasımovun ailələrini ziyarət ediblər. Ziyarətdə qonaqları TÜİB sədri H.Büyükfırat Türkiyənin Bakıdakı səfirliyinin təhsil müşaviri Ali Rıza Altunel və digər şəxslər də müşayət edib.

Şəhid İlkin Əhədzadənin evində ziyarət zamanı şəhid anaları Yasəmən Əhədzadə və Siddiqə Qasımova onlara göstərilən diqqət və qayğıya görə qonaqlara minnətdarlıq ediblər.

Ziyarətdən daha bir xatirə fotosu
Ziyarətdən daha bir xatirə fotosu

Öz növbəsində Zeynel Abidin Beyazgül Şanlıurfanın, ümumilikdə Türkiyənin Qarabağ müharibəsində Azərbaycanın yanında olduğunu, qardaşlığımızın sarsılmaz olduğunu bildirib. O, bu müharibənin nəticəsinin və şəhidlərin bütün türk millətinin şərəf və qüruru olduğunu vurğulayıb.

Mehmet Canpolat da Türkiyə və Azərbaycanın “bir millət – iki dövlət” olduğunu ifadə edərək, “Azərbaycanın şəhidləri bizim şəhidlərimizdir, bizim şəhidlərimiz də Azərbaycanın şəhididir, çünki kökümüz birdir” deyib.

TÜİB sədri H.Büyükfırat isə bildirib ki, Bakı ilə Şanlıurfa arasında bağların daha da möhkəmlənməsi üçün birlikdə bir çox layihələr həyata keçiriləcək.

Onu da bildirək ki, səfər çərçivəsində qonaqlar Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edib, TÜİB-in ofisində də olub, rəhbərliklə görüş keçiriblər.

Mission News Theme by Compete Themes.