Press "Enter" to skip to content

İstanbulda “Türk dünyasından Şuşaya – Şuşadan türk dünyasına”

Tədbirdən görüntü

Son yeniləmə: 15 Yanvar 2023 13:45

BAYRAQDAR MEDİA – Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşkilatçılığı ilə “Türk dünyasından Şuşaya – Şuşadan Türk dünyasına” layihəsi həyata keçirilir. Layihə çərçivəsində türk ölkə və topluluqlarından olan yazarların Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə həsr olunmuş müxtəlif janrlarda olan qələm nümunələri kitab şəklində çap olunub.

Bu haqda xəbəri BAYRAQDAR MEDİA-ya yanvarın 15-də DGTYB-dən veriblər.

“Türk dünyasından Şuşaya – Şuşadan türk dünyasına” adlı kitabda Azərbaycan, Özbəkistan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan yazarların Şuşa mövzusunda qələmə aldıqları şeir, məqalə, esse və hekayə janrında olan qələm örnəkləri yer alıb.

Adıçəkilən kitabın Türkiyənin İstanbul şəhərində Türk Ədəbiyyatı Vəqfinin konfrans salonunda təqdimat törəni təşkil olunub.

Bu barədə məlumat verən DGTYB başqanı İntiqam Yaşar bildirib ki, tədbirdə Türkiyənin və Azərbaycanın ədəbiyyat və media nümayəndələri, oxucular iştirak edib.

Tədbiri giriş sözü ilə Türk Ədəbiyyatı Vəqfinin başqanı, görkəmli şair Serhat Kabaklı açaraq Şuşa şəhərinin Azərbaycan üçün mənəvi dəyərindən, Azərbaycanın qazandığı qələbədən, Şuşanın türk dünyasının mədəniyyət paytaxtı elan olunmasının önəmindən bəhs edib.

Tədbirdən görüntü
Tədbirdən görüntü

Sonra layihə haqqında məlumat vermək üçün layihə rəhbəri, DGTYB başqanı İntiqam Yaşar çıxış edib. O, türk dünyası gənc yazarlarının Şuşaya ünvanlanmış mətnlərindən ibarət kitabın önəmindən bəhs edərək, irəliyə yönəlik bu kimi nəşrlərin artacağına ümid etdiyini ifadə edib.

Daha sonra tədbirdə iştirak edən Azərbaycan Respublikası Gənclər Fondunun nümayəndəsi Səbinə Cabbarova, kitabda yazısı yer alan müəlliflərdən “Türk Edebiyatı” dərgisinin yazı işləri müdiri Enver Aykol, türk dünyasının tanınmış ozanı Esat Kabaklı, kitabda yazısı yer alan müəlliflərdən Dr. Derya Akdemir, tanınmış Azərbaycan yazarı Aygün Həsənoğlu, tanınmış yazar Oktay Hacımusalı, Türkiyənin tanınmış yazarı İnci Okumuş, Azərbaycanın istedadlı gənc yazarı Günel Şamilqızı, Türk Ədəbiyyatı Vəqfinin əməkdaşı Saadet Örmeci və s. Şuşa mövzusunda anlamlı çıxışlar edib, layihənin önəmindən danışıb.

Şuşa şəhərində çəkilmiş şəkillər nümayiş olunub, tədbir iştirakçılarına geniş məlumatlar verilib.

Sonda təltifetmə keçirilib, plaket və diplomlar təqdim olunaraq xatirə fotosu çəkilib.

Mission News Theme by Compete Themes.