Press "Enter" to skip to content

Pensiya sisteminin təkmilləşdirilməsinə dəstək

Nazir Sahil Babayev çıxış edərkən

“Azərbaycanda pensiya islahatlarına dəstək – Faza 2” tvinninq layihəsinin açılış mərasimi olub

BAYRAQDAR MEDİA – Avropa İttifaqının (Aİ) “Azərbaycanda pensiya islahatlarına dəstək – Faza 2” tvinninq layihəsinin açılış mərasimi keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya aynvarın 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Aİ-nin ölkəmizdəki səfiri Peter Mixalko, Litvanın sosial təminat və əmək nazirinin müavini Martinas Sürkus və həmin ölkənin Azərbaycandakı səfiri Egidijus Navikas, digər rəsmilər, millət vəkilləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Məlumata əsasən, S.Babayev Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının pensiya təminatı sistemini də əhatə etdiyini vurğulayıb: “O, son beş ildə Azərbaycanda artıq dördüncü sosial islahat paketinin icra olunduğunu, bu ilin əvvəlindən əməkhaqqı və sosial ödənişlərdə növbəti artımlar edildiyini qeyd edib. Son beş ildə sosial ödənişlərdəki artımları, o cümlədən minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiyada 80 faiz artıma nail olunduğunu diqqətə çatdırıb”.

Tədbir zamanı
Tədbir zamanı

Nazir çıxışında pensiya sistemində humanist yanaşmaların tətbiqi, sosial təminatın əhatə dairəsinin genişləndirilməsi istiqamətində atılan addımları qeyd edib: “O, 2019-cu ilin əvvəlindən pensiya, müavinət və təqaüdlərin avtomatlaşdırılmış qaydada proaktiv təyinatına başlandığını, ötən dövrdə həmin sosial təminat növləri üzrə 500 min, o cümlədən pensiya üzrə 71 min proaktiv təyinatın həyata keçirildiyini bildirib. Azərbaycan və Aİ arasında münasibətlərin uğurla inkişaf etdiyini diqqətə çatdıran nazir birgə həyata keçirilən layihələrin sosial müdafiə, tibb-sosial reabilitasiya, sığorta-pensiya, məşğulluq sahələrində islahatların aparılması üzrə Nazirliyin potensial imkanlarının artırılmasına xidmət etdiyini deyib”.

Məlumata əsasən, “Azərbaycanda pensiya islahatlarına dəstək” tvinninq layihəsinin aparılan islahatlarda önəmli dəstək olduğunu vurğulayan S.Babayev layihənin ikinci fazasının da Azərbaycanda pensiya sisteminin Avropanın qabaqcıl təcrübələri əsasında təkmilləşdirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.

Tədbirdə P.Mixalko, E.Navikas, M.Sürkus və b. çıxış edərək Aİ tərəfindən maliyyələşdirilən və iki il davam edəcək “Azərbaycanda pensiya islahatlarına dəstək – Faza 2” tvinninq layihəsinin əhəmiyyətindən bəhs ediblər: “Layihənin pensiya sahəsində islahatlar prosesində öz rolunu oynayacağı vurğulanıb. Bildirilib ki, “Azərbaycanda pensiya islahatlarına dəstək” tvinninq layihəsi ümumilikdə ölkəmizdə pensiya sisteminin rəqəmsallaşdırılması və bu sistemin uzunmüddətli inkişafı üçün sığorta-pensiya sisteminin fəaliyyətinin aktuar modellər əsasında təkmilləşdirilməsi və s. ilə bağlı əməli tədbirlərin hazırlanaraq tətbiq edilməsini nəzərdə tutur. Layihə Litvanın Sosial Təminat və Əmək Nazirliyi ilə əməkdaşlıqda həyata keçiriləcəyi qeyd olunub”.

Tədbirdə layihənin müvafiq komponentləri üzrə məlumatlar verilib, təqdimatlar edilib.

Mission News Theme by Compete Themes.