Press "Enter" to skip to content

Fars şovinizminin mahiyyəti dəyişmir

Məcid Cavadi

Məcid Cavadi: Son proseslər Güney Azərbaycanlıların “Azadlıq, ədalət, milli hökumət” şüarını əldə rəhbər tutmalarında tamamilə haqlı olduqlarını bir daha təsdiqlədi

BAYRAQDAR MEDİA – Artıq üç aydan çoxdur ki, İranda fars-molla rejiminə qarşı etirazlar davam edir. Ötən müddət ərzində baş verənlər, hökumət qüvvələri tərəfindən dinc nümayişçilərə qarşı tətbiq edilən vəhşilik, həmçinin aksiya iştirakçılarından bəzilərinin edam edilməsi İrandakı mövcud rejimin iç üzünü bir daha bütün çılpaqlığı ilə ortaya qoydu. Bəlli oldu ki, fars-molla rejimi ölkə daxilindəki digər xalqların etiraz aksiyasında səslənən tələblərə əməl etməkdənsə, dinc insanların qətlinə üstünlük verir.

Fars şovinizminin hakim olduğu müddətdə…

Məhz buna görə də, İrandakı digər xalqlar, xüsusilə də Güney Azərbaycanlılar nicatı yalnız bu dövlətin buxovundan azad olmaqda görürlər. Çünki tarixə nəzər salanda görürürk ki, fars şovinizminin hakim olduğu müddətdə İran adlanan məkanda idarəetmədə kimin, hansı qüvvənin olmasının fərqi yoxdur. Bütün hallarda digər xalqlara “ikinci növ xalq” kimi yanaşma sərgilənir.

Elə bugünlərdə İran ətrafında cərəyan edən yeni gəlişmələr də bunu bir daha təsdiqləyir. Məlumatlara əsasən, yaxın günlərdə İran-e Novin Partiyası, yaxud türkcə adı ilə Yeni İran Partiyası və “Məşrutə Əncüməni” quruluşlarını elan ediblər. İlk baxışdan düşünmək olardı ki, bu, mütərəqqi addımdır və yəqin, yeni siyasi qurumların elanı İranın demokratikləşməsinə dəstək olacaq. Lakin təəssüf ki, belə deyil.

Faşizm İrana yeni formada geri qayıdır?

Güney Azərbaycan Milli Dirəniş Təşkilatının Mərkəzi Şurasının üzvü və qurumun sözçüsü Məcid Cavadi deyib ki, məsələni dərindən nəzərdən keçirmək lazımdır.

Son hadisələri BAYRAQDAR MEDİA üçün dəyərləndirən M.Cavadi, “bu təşkilatları quran insanlara, onların keçmişinə və düşüncələrinə baxan hər kəs özünə bu sualı verir: “Faşizm İrana yeni formada geri qayıdır?”. Fikrimi bir qədər də ətraflı çatdırım. İranın bugünkü rejiminin bir dini faşizm olduğuna kimsənin şübhəsi yoxdur. Bir ölkənin bütün kəsimlərini qara günə məhkum edən dini faşizmdən qurtulmaq üçün bu günlərdə böyük bir mübarizə davam edir və ağır bədəllər ödənilir. Ancaq nə yazıq ki faşizmin birindən qurtulmamışkən, başqa bir faşizmin ayaq səsləri eşidilməyə başlayıb. Elə görünür ki, biriləri ölkəni şah zamanındakı fars milliyyətçiliyi faşizminə geri götürmək üçün qolları çırmalayıb” deyib.

Onun sözlərinə görə, şahçı adı ilə tanınan və keçmiş şahın oğlu Rıza Pəhləvinin ətrafına toplaşan bir kəsim İranın siyasi atmosferində fəaliyyətlərini artırmış durumdadır: “Özəlliklə xaricdəki farsdilli mediada bu kəsimin təsiri yüksəkdir. Əsasən İranın fars əsilli və ya farslaşmış vətəndaşlarından təşkil edilən bu zümrə 1979-cu il inqilabından öncəki idarəetməyə, yəni şahlıq dönəminə geri qayıtmağı xəyal edir və onun üçün çabalayır. Lakin unutmaq lazım deyil ki, bugünkü faşizmin kökləri məhz o zaman, şah rejimi zamanı qurulub. Yəni İranda qeyri fars millətlər dil, tarix, mədəniyyət, siyasi haqlar və iqtisadiyyat baxımından o dönəmdən bəri müstəmləkə müamiləsi görməkdədirlər”.

M.Cavadi deyib ki, İran-e Novin Partiyası nizamnaməsində açıq şəkildə bəyan edir ki, İranın milli dili fars dilidir: “Bu partiya hər cür ədəmi-mərkəziyyəti rədd edir və “tək millət, tək bayraq, tək dil” ideyasını müdafiə edir. Yəni, tam anlamı ilə İranda fars hegemoniyasının davamını təmin etməyə çalışan bir quruluşdur”.

Fars şovinistlərinin daha bir oyunu

Müsahibimiz fars siyasətçilərin daha bir oyunu barədə də məlumat verib: “Keçən günlərdə Almaniyanın Köln şəhərində “Məşrutə Əncüməni” adlı bir təşkilatın qurulduğu elan edildi. Bənzər təşkilatların da Fransa, Kanada, Amerika və İngiltərədə yaradılacağı, bunların hamısının birləşməsi ilə “İran Məşrutə Partiyası” qurulacağı bildirildi. Təbii ki bu təşkilat da “tək millət, tək bayraq, tək dil” ideologiyasını əsas götürüb və İranda fars hegemoniyasının davam etməsini hədəfləyir. Necə ki, qurucuları da tanınan ifrat və faşist şahçı fars milliyyətçiləri idilər. Bu təşkilatla bağlı vacib bir məqamı da diqqətinizə çatdırmaq istəyirəm. Bunlar başqa bir oyuna da əl atıblar. Belə ki, guya özlərini Məşrutə İnqilabının davamçıları olaraq görürlər. Ancaq bu fars şovinistlərinin Azərbaycanın öncüllüyündə 1905-ci ildə gerçəkləşən Məşrutə İnqilabi ilə uzaqdan yaxından əlaqələri yoxdur. Məşrutə İnqilabı demokratiya, çoxulçuluq və azadlıq arayışında olan bir inqilab idi. Bu fars faşistləri isə bütün o dəyərlərə qarşıdırlar. Bunların ən çox qorxduqları şey gerçək bir demokratiyadır. Çünki gerçək demokratiyada fars hegemonyasının yaşam şansı qalmayacaq”.

M.Cavadi bildirib ki, fars və şahçı şovinistlərin bu oyunları barədə Araz News vasitəsilə xalqa məlumat çatdırırlar: “BAYRAQDAR MEDİA da sağ olsun ki, bu məsələ ilə bağlı dolğun məlumatın çatdırılmasını gündəmə gətirib. Əslində, bütün bu baş verənlər bir baxımdan yaxşıdır. O mənada ki, proseslər Güney Azərbaycanlıların “Azadlıq, ədalət, milli hökumət” şüarını əldə rəhbər tutmalarında tamamilə haqlı olduqlarını bir daha təsdiqlədi. Bəlli oldu ki, rejimin adının molla, yaxud şah olması heç nəyi dəyişmir. Bütün hallarda mahiyyətdə fars şovinzimi dayanır. Bütün bunlardan sonra deyəcəyimiz budur ki, fars toplumu əski faşizm və sömürgə günlərini özləyir, o günlərə qayıtmaq istəyirsə, özü bilər. Bu, onların öz tərcihidir. Lakin bu cür yanaşmadan sonra İrandakı digər millətlərin, o cümlədən Güney Azərbaycanlıların bircə yolu qalır: müstəqillik. Bir sözlə, Güney Azərbaycan Cümhuriyyətinin qurulması qaçılmazdır”.

Mission News Theme by Compete Themes.