Press "Enter" to skip to content

Səfir etimadnaməsinin surətini nazirə təqdim edib

Səfir Kristo Kapodistria etimadnamsəinin surətini nazir Ceyhun Bayramova təqdim edərkən

Son yeniləmə: 19 Yanvar 2023 10:01

BAYRAQDAR MEDİA – Xarici işlər naziri Ceyhun Bayramov yanvarın 18-də Yunanıstanın ölkəmizdəki yeni səfiri Kristo Kapodistria ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Bildirilib ki, nazir C.Bayramov səfir K.Kapodistrianı təyinatı münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb: “Görüşdə ikitərəfli əməkdaşlıq gündəliyində duran bir sıra məsələlər, siyasi, iqtisadi, enerji, humanitar, təhsil, turizm və digər sahələrdə, habelə çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri müzakirə olunub. Nazir Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının iclasları çərçivəsində Yunanıstan xarici işlər naziri Nikos Dendias ilə Stokholm və Lodz şəhərlərində görüşünə istinad edərək, iki ölkə arasında siyasi dialoqun davam etdirilməsinin vacibliyini bildirib. Ötən il oktyabrın 1-də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə görüşünün əhəmiyyətini vurğulayıb”.

Qeyd edilib ki, nazir həmsöhbətinə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi, sülh quruculuğu, Azərbaycan tərəfindən bu istiqamətdə atılan addımlar və irəli sürülən təşəbbüslər, azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, habelə Ermənistanın sözügedən proseslər çərçivəsində törətdiyi maneələr və qeyri-konstruktiv mövqeyi barədə ətraflı məlumat verib.

Öz növbəsində, Kristo Kapodistria diplomatik fəaliyyəti dövründə iki ölkə arasındakı əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb: “Azərbaycan və Yunanıstan arasında geniş əməkdaşlıq potensialının olduğunu qeyd edən səfir K. Kapodistria, ölkələr arasında turizm, enerji, iqtisadiyyat, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini ifadə edib. Görüş zamanı, habelə iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb”.

Mission News Theme by Compete Themes.