Press "Enter" to skip to content

“20 Yanvar” faciəsi mövzusunda açıq dərs

Açıq dərs zamanı

BAYRAQDAR MEDİA – Yanvarın 20-də Azərbaycanın Polşadakı səfirliyi və Varşava Universiteti nəzdində Azərbaycanşünaslıq Mərkəzinin birgə təşkilatçılığı “20 Yanvar” faciəsinin 33-cü ildönümünə həsr olunan açıq dərs keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya səfirlikdən məlumat verilib.

Bildirilib ki, açıq dərsdə Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin müəllim və tələbə heyəti, o cümlədən ali təhsil ocağında təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbirdə Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova tədbir iştirakçılarına “Qara Yanvar”ın 33-cü ildönümü mövzusunda mühazirə oxuyub.

Faciənin tarixi aspektlərinə toxunan N.Qurbanova Sovet rəhbərliyinin xeyir-duası ilə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının xalqımıza qarşı repressiyalar və etnik dözümsüzlüklə nəticələndiyini qeyd edib. O, Sovet hakimiyyətinin məkrli planına etiraz edən Azərbaycan xalqının ermənilərin separatçı və ekstremist əməllərinin qarşısını almaq və ədaləti demokratik yolla bərpa etmək çağırışının dəhşətli cinayətlə nəticələndiyini bildirib.

Səfir vurğulayıb ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bu terror aktına açıq şəkildə etiraz edərək ilk dəfə ona siyasi qiymət verib: “21 yanvar 1990-cı ildə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn dahi siyasi xadim yerli və xarici media üçün mətbuat konfransı keçirib və mülki şəxslərin kütləvi şəkildə qətlə yetirilməsiniqanuna, demokratiyaya və insanlığa zidd bir hərəkət kimi qəti şəkildə qınayıb. Ulu öndər Azərbaycanın prezidenti seçildikdən sonra isə 1994-cü il yanvarın 5-də müvafiq Fərmanla parlamentə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi tövsiyə edib”.

N.Qurbanova əlavə edib ki, baş vermiş faciə nəticəsində BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlərin müddəaları kobud şəkildə pozulub: “Bu hadisələr zamanı törədilən əməllər insan hüquqlarını kobud və kütləvi şəkildə pozan, beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarına açıq-aşkar hörmətsizliklə yanaşılan və Azərbaycanın suverenliyi, müstəqilliyi əleyhinə yönəlmiş silahlı təcavüz aktı olmaqla yanaşı, eyni zamanda, insanlıq əleyhinə cinayətdir”.

Səfirin çıxışının sonunda qeyd olunub ki, bu gün Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda həyatını qurban verən qəhrəman şəhidlərimizin ruhları şaddır: “Çünki, müzəffər Ali Baş Komandanın rəhbərliyində Azərbaycan öz müstəqilliyini nəinki hər keçən gün daha da möhkəmləndirib, eyni zamanda rəşadətli Azərbaycan ordusu 30 illik Ermənistan işğalına son qoyaraq vətənimizin ərazi bütövlüyü bərpa edib”.

Açıq dərs çərçivəsində tələbələrin “Bakıda 1990-cı Qara Yanvar” adlı təqdimatı da olub.

Daha sonra faciədən bəhs dən sənədli film nümayiş olunub və mövzu ətrafında tələbələrin sualları cavablandırılıb.

Mission News Theme by Compete Themes.