Press "Enter" to skip to content

İsveçdə Quran kitabının yandırılmasının altında yatan gerçəklər

Telman Nüsrətoğlu

Telman Nüsrətoğlu: Burada bir neçə məsələ diqqətə alınmalıdır

BAYRAQDAR MEDİA – “1709-cu ildə Poltava müharibəsində məğlub olan İsveç kralı XII Karlı rusların əlindən Osmanlı almış, o, düz beş il sığındığı türk hakimiyyəti altında qəhvəsini köpüklədə-köpüklədə hüzur içində yaşamışdı. İndi Rusiya təhlükəsi qarşısında NATO-ya sığınmaq istəyirlər və yenə Türkiyəyə möhtacdırlar. Ancaq bu nankorlar terrorçuları, xainləri Türkiyəyə verərək eyni təhlükəsizlik paktı içində müttəfiqlik ruhuna uyğun davranmaq əvəzinə, gah Cümhurbaşqanı Recep Tayyip Erdoğana, gah müqəddəs kitabımız Qurana hörmətsizlik nümayiş etdirir, terroru himayə etmə siyasəti yürüdürlər. Məhz elə bu əxlaqsızlığa, ədalətsizliyə görə Qərb dünyası çürüməyə, uduzmağa davam edəcək”.

Bunu İsveçdəki son hadisələri BAYRAQDAR MEDİA üçün dəyərləndirən tarix elmləri doktoru, Türk İslam Araşdırmaları Mərkəzinin başqanı Telman Nüsrətoğlu deyib.

Xatırladaq ki, yanvarın 21-də İsveçin dövlət qurumları Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında etiraz aksiyası keçirilməsinə icazə verib. Aksiya zamanı “Qurani-Kərim” yandırılıb.

T.Nüsrətoğlu bildirib ki, Türkiyəni rahatsız edəcək bu addımlar artıq ardıcıl xarakter alır və İsveç hökuməti də heç bir tədbir görmür: “Yəni İsveçin apardığı bu siyasət həmin ölkənin NATO-ya üzvlüyünü getdikcə daha da çətinləşdirir. İsveç bunu bir dövlət siyasəti olaraq həyata keçirir, yoxsa bu məsələdə xarici güclərin, xüsusilə də ABŞ-ın təsiri varmı? Bu suallar hələ ki, açıq qalır”.

T.Nüsrətoğlu qeyd edib ki, burada digər məsələni də diqqətdən qaçırmaq olmaz: “Yəni komplo teorisi kimi görsənsə də Rusiya ilə ABŞ arasında davam edən məxfi danışıqlar prosesinin də bu məsələdə rol oynaya biləcəyi ehtimal edilir. Böyük ehtimalla həmin məxfi danışıqlar zamanı bu məsələ də aktiv müzakirə edildiyi üçün Türkiyə-İsveç qarşıdurmasını hər keçən gün daha da qızışdırmaqla üzvlük məsələsini uzadırlar. Çünki bu məxfi danışıqlar zamanı İsveç və Finlandiyanın NATO-ya üzvlüyünün Rusiya tərəfindən qəbuledilməz hal kimi ortaya qoyulduğu haqqında məlumatlar yayılır. Görünür bu narahatlıqdan irəli gələrək İsveç və Finlandiyanın üzvlük məsələsi arxa plana keçirilir. Sadəcə, ABŞ bunu Türkiyə kartı ilə etmək istəyir. Yəni, bilərəkdən İsveçi Türkiyəyə qarşı qoyurlar ki, rəsmi Ankara bu ölkənin NATO-ya üzvlüyünü əngəlləsin. Çünki İsveçin üzvlüyünü TBMM təsdiq etməlidir. TBMM isə İsveçin Türkiyəyə və İslam dünyasına qarşı sərgilədiyi barışmaz mövqe davam edərkən içtimai rəyin əleyhinə gedərək bu üzvlük məsələsini təsdiq edə bilməz”.

Müsahibimiz sonda, “Ancaq İsveçdə baş verənlərin Quzey qonşumuzun da işinə yaradığını untmaq olmaz” deyib.

Mission News Theme by Compete Themes.