Press "Enter" to skip to content

Xandkəndidə ermənilər Azərbaycan bayrağı altında yaşayacaq

Selçuk Karakılıç

Son yeniləmə: 24 Yanvar 2023 15:30

Selçuk Karakılıç: Bu aksiya Ermənistana və onun arxasındakı xarici güclərə verilən insanlıq dərsidir

BAYRAQDAR MEDİA – “Hazırda Xankəndi ətrafında cərəyan edənlər sıradan bir məsələ deyil. Bu, bir tərəfdən ermənilərin həmin ərazilərdə həyata keçirdikləri vandalizm aktlarına, ekoloji terrora, digər tərəfdən də bu cinayətlərə göz yuman dünya ictimaiyyətinə Azərbaycan xalqının haqlı etirazıdır. Azərbaycan xalqı bu aksiya ilə haqlı mübarizəsini yerində, son dərəcə mədəni şəkildə bütün dünyaya çatdırmağa çalışır”.

Bunu Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclərin və ekoloqların Laçın-Xankəndi yolunda keçirdikləri dinc etiraz aksiyasına münasibət bildirən Bakı Yunus Emre İnstitutunun müdiri Selçuk Karakılıç deyib.

BAYRQDAR MEDİA-ya özəl açıqlamasında S.Karakılıç bildirib ki, Vətən müharibəsində olduğu kimi, bu dəfə də Azərbaycan xalqı bir yumruqtək birləşib: “Bu, mənə inanılmaz güc verdi. O torpaqların əsl sahiblərinin hələ də həmin ərazilərə gedə bilməməsi məsələnin faciəli tərəfidir. Ancaq 30 ildən sonra orada toplaşmaq və o tələbləri irəli sürmək böyük bir nemətdir. Bəlkə də bu, bir az vaxt alacaq, amma o aksiyalar öz son hədəfinə çatacaq. Buna kimsə şübhə etməsin. Yəni bir gün gələcək, o torpaqlar əsl sahiblərinə qovuşacaqlar. Bir gün Xankəndidə Azərbaycan bayrağı dalğalanacaq və oradakı ermənilər bu bayraq altında azad bir şəkildə yaşayacaqlar”.

Müsahibimiz qeyd edib ki, bu aksiya Azərbaycan xalqının humanistliyini və sülhsevərliyini bir daha bütün dünyaya nümayiş etdirdi: “Necə ki, müharibə zamanı Azərbaycan Ordusu qarşı tərəfdən heç bir mülki insanı hədəfə almadı, eləcə də müharibədən sonra da sülhsevər missiya davam edir. Ermənilərin reallaşdırdığı vəhşətə rəğmən Azərbaycan tərəfindən bəyan edildi ki, gəlin barışaq, sülh müqaviləsi imzalayaq. Bu, Azərbaycan xalqının kökündən, humanistliyindən və sülhsevərliyindən irəli gəlir. Elə hazırda aksiya da bu müqəddəs hisslərə əsaslanır. Dinc aksiya keçirilir və humanitar məqsədlər üçün yol açıqdır”.

Sözlərinə davam edən S.Karakılıç, “Bir nəfər söhbət əsnasında məndən soruşmuşdu ki, Azərbaycan dedikdə ağlınıza nə gəlir? Mən ona “Azərbaycan deyəndə ağlıma Xəzər gəlir. Xəzər ilin çox hissəsində səssiz və sakit olur. Azərbaycan xalqı da Xəzər kimi səssiz, sakit və mədəni bir xalqdır. Heç kimlə davası yoxdur. Sadəcə özünə qarşı xəyanətləri və cinayətləri bağışlamır. Bu cinayətlərə lazımlı şəkildə cavab verir. Dolayısı ilə Azərbaycan xalqı sakit və mədəni davranışı ilə dünyanın sayılıb seçilən xalqlarından biridir. Amma təəssüf ki, bunu Qərb dünyası görmür, yaxud da görmək istəmir. Bununla belə bir daha deyirəm ki, bu, dinc aksiyadır. Bu aksiya Ermənistana və onun arxasındakı xarici güclərə verilən insanlıq dərsidir” deyib.

Mission News Theme by Compete Themes.