Press "Enter" to skip to content

Bütün hallarda İran dövləti məsuliyyət daşıyır

Emin Həsənli

Son yeniləmə: 28 Yanvar 2023 19:10

Emin Həsənli: Bu gün İran rəsmiləri bu terroru başqa yerə yozmağa cəhd etmək əvəzinə gerçəkliyi ortaya çıxarmalıdır

BAYRAQDAR MEDİA – “İranda Azərbaycan səfirliyinə qarşı törədilən terror beynəlxalq hüquqa, qonşuluğa və mənəviyyata zidd bir hadisədir. Bütün hallarda buna görə İran dövləti məsuliyyət daşıyır. Çünki İran dövləti səfirliyi mühafizə etməli, qorumalı idi. Azərbaycanla münasibətlərin kəskin olduğunu bilərək (buna görə də elə İranın özü günahkardır – E.H.) səfirliyin mühafizəsinə daha həssas yanaşmalı idi. Bütün bunların müqabilində hadisə anında İran polisinin müdaxilə etməməsi haqlı şübhələr yaradır”.

Bunu Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu dəyərləndirən “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.

Onun sözlərinə görə, İran rəsmiləri hər nə qədər bu qanlı hadisənin guya məişət zəminində baş verdiyini iddia etsələr də son vaxtlar baş verənlər, Güney qonşumuzun Azərbaycan Respublikası əleyhinə atdığı addımlar, xüsusilə də Zəngəzur dəhlizinin açılmaması üçün dəridən-qabıqdan çıxması nəzərdən qaçmamalıdır: “Yəni bütün bunların məntiqi davamı olaraq baş verən son qanlı olay, əslində, terrorun sifarişcisinin kimliyinə aydınlıq gətirmiş olur. Azərbaycanın tarixi Zəfərini həzm edə bilməyən molla rejiminin bu qələbədən sonra Arazın o tayında hərbi təlimlər keçirməsi, həmçinin Azərbaycana hədə xarakteri daşıyan bəyanatların səsləndirilməsi, videomesajlar yaxın keçmişdə baş verənlərdir. Bunları kimsə unutmayıb. İran rəsmiləri bu terroru başqa yerə yozmağa cəhd etmək əvəzinə gerçəkliyi ortaya çıxarmalıdırlar. Hərçənd ki, biz buna az inanırıq. Çünki gerçəkliyin üzə çıxması heç şübhəsiz molla rejimini daha da çətin duruma salacaq”.

E.Həsənli deyib ki, hər zaman olduğu kimi bu dəfə də qardaş Türkiyə yanımızda oldu: “Eyni zamanda qardaş ölkələrdən, o cümlədən terroru birmənalı olaraq pisləyən dövlətlərdən də dəstək bəyanatları səsləndirildi. Bu qanlı olay Azərbaycan xalqının necə qəhrəman övladlar yetişdiridiyini də bir daha nümayiş etdirdi. Vətən övladlarımızdan biri vəzifə başında şəhid oldu. Digəri isə əliyalın olmasına baxmayaraq silahlı, özü də Kalaşnikov avtomatı ilə silahlanmış terrorçunu zərərsizləşdirdi. Əslində, o, bununla hər bir Azərbaycan gəncinin Vətən, bayraq uğrunda canını qurban verməyə hazır olduğunu nümayiş etdirdi. Nə qədər ki, belə gənclər var bizə zaval yoxdur. Çünki dövlətimizin müstəqilliyi məhz bu cür vətən övladları hesabına əbədi qalacaq”.

Mission News Theme by Compete Themes.