Press "Enter" to skip to content

Qardaş Özbəkistanda Azərbaycan Mərkəzi ən yaxşılardandır

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov təqdimatda

BAYRAQDAR MEDİA – Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ən fəal Mərkəz adına layiq görülüb. Özbəkistanın aparıcı media təmsilçiləri, çoxsaylı respondentlər, tanınmış simalar, ictimaiyyət nümayəndələri arasında keçirilmiş onlayn sorğunun nəticələri məlum olub. Bununla əlaqədar Daşkənddəki Əlişir Nəvai adına Panorama Kino sarayında təntənəli mükafatlandırma mərasimi təşkil olunub. Tədbirdə Özbəkistanın hökumət nümayəndələri, ictimaiyyət, elm, mədəniyyət, təhsil xadimləri, deputatlar, jurnalistlər, bloqerlər iştirak ediblər.

Xəbəri BAYRAQDAR MEDİA-ya yanvarın 30-da sözügedən Mərkəzdən veriblər.

Daha sonra bildirilir ki, “aparılan rəy sorğusu ölkədə aktiv fəaliyyət göstərən, mətbuatla sıx işləyən, əməkdaşlıq edən, fəaliyyətində şəffaflığa nail olan, vətəndaş cəmiyyəti, ictimaiyyətlə səmərəli fəaliyyət göstərən dövlət və qeyri-dövlət idarələri, ictimai təşkilatlar arasında ənənəvi “İlin seçimi-2022” müsabiqəsinə yekun vurulub. Sosial sorğu çoxsaylı respondentlər, jurnalist və bloqerlərin, ictimaiyyətin fəal nümayəndələrinin rəyi əsasında onlayn formada və şəffaf aparılmış, müsabiqədə “ən nümunəvi region”, ”ən nümunəvi nazirlik”, “ən fəal deputat”, “ilin media lideri”, “ilin ən nümunəvi mətbuat katibi” və digər nominasiyalarda qaliblərə diplom və mükafatlar verilib”.

Qeyd edilir ki, sorğudakı tələblərə cavab verməyən dövlət qurumları, idarələrin adları da elan olunub.

“Keçirilən səsvermə samanı Özbəkistanda fəaliyyət göstərən xarici ölkələrə aid təşkilatlar arasında “İlin ən fəal Mədəniyyət Mərkəzi” nominasiyasında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi qalib olub. Bununla bağlı diplom Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasova təqdim edilib”, – deyə xəbərdə bildirilir.

Qardaş Türkiyənin səfirliyi isə Özbəkistanda fəaliyyət göstərən xarici ölkə nümayəndəlikləri arasında “İlin ən fəal səfirliyi” adını qazanıb.

O da bildirilir ki, “Özbəkistan mediası, eləcə də cəmiyyət arasında hər il keçirilən, obyektivliyi və şəffaflığı ilə seçilən bu sorğunun nəticələri ölkə ictimaiyyəti tərəfindən çox böyük maraqla qarşılanır, mətbuatda geniş şəkildə işıqlandırlır. Ölkədə fəaliyyət göstərən dövlət qurumları, təşkilat və hakimiyyət orqanları da bu sorğunun nəticələrinə böyük əhəmiyyət verir”.

Sorğuya əsasən, Özbəkistanda “İlin ən fəal dövlət qurumu” Gənclərlə İşlər Agentliyi, “İlin ən yaxşı vilayət hakimiyyəti, dövlət qurumu” Səmərqənd Vilayət Hakimiyyəti, “İlin ən fəal deputatı” Özbəkistan Ali Məclisinin deputatı Rəsul Kuşarbayev seçilib.

Mission News Theme by Compete Themes.