Press "Enter" to skip to content

Təbrizdəki Baş konsulluq da İran rejiminin terror hədəfində ola bilər

Mahmud Bilgin

Son yeniləmə: 30 Yanvar 2023 12:12

Mahmud Bilgin: Ona görə də mən bütün Güney Azərbaycanlıları, xüsusilə də Təbrizdəki soydaşlarımızı ayıq-sayıq olmağa çağırıram

BAYRAQDAR MEDİA – “Fars-molla şovinist rejimi bu çirkin addımı – Azərbaycan səfirliyinə hücumu ilə təkcə beynəlxalq qanunları tapdalamayıb, həm də Azərbaycan Respublikası ilə münasibətlərini müharibə həddinə çatdırmaqda maraqlı olduğunu nümayiş etdirib. Ancaq bu da son deyil. Molla rejiminin bu çirkin addımı Güney Azərbaycandakı 35 milyon türkü təhqir etmək anlamını da daşıyır”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin deyib.

XİN: Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının təxliyəsi başa çatıb

Onun sözlərinə görə, İran Azərbaycanın bütövlüyünün simvolu olan Azərbaycan səfirliyinə hücum etməklə, ümumilikdə Güney Azərbaycan Milli Hərəkatına da hücum etmiş olub: “Qeyd edim ki, əslində, fars şovinist rejimi zaman-zaman bu ölkə ərazisindəki səfirliklərə hücuma bir adət, öz qaranlıq məqsədlərinə çatmaq üçün vasitə kimi baxır. Daha da açıq desək, səfirliklər fars-molla rejiminin girovudur sanki. Molla rejiminin təmsilçiləri hansısa ölkəyə qəzəblənəndə o ölkənin səfirliyinə hücum təşkil edirlər. Bu baxımdan Güney Azərbaycan Demokrat Partiyası olaraq Azərbaycan səfirliyinə edilən terror hücumunu pisləməklə yanaşı, bu hücumun məsuliyyətinin birbaşa fars-molla rejiminin üzərində olduğunu bəyan edirik”.

M.Bilgin maraqlı və vacib bir məqama da toxunub. Daha dəqiq desək, Təbrizdəki Azərbaycan konsulluğu ilə bağlı bir xəbərdarlığı dilə gətirib.

Həmin xəbərdarlığa keçməzdən öncə bildirək ki, xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında deyib ki, Tehrandakı səfirliyin diplomatik fəaliyyətini tam dayandırması Təbrizdəki Baş konsulluğun fəaliyyətinə şamil olunmur.

“Nəzərə alaq ki, bizim bir çox vətəndaşımız İrandadır. Onların da yardıma ehtiyacı olarsa, Təbrizdəki Baş konsulluğa müraciət edə bilərlər”, – deyə X.Xələfov əlavə edib.

Öz növbəsində M.Bilgin bildirib ki, bu gün əgər fars-molla rejimi Azərbaycanın Tehrandakı səfirliyini hədəfə alırsa, Təbrizdəki Baş konsulluğu da hədəfə ala bilər: “Ona görə də mən bütün Güney Azərbaycanlıları, xüsusilə də Təbrizdəki soydaşlarımızı ayıq-sayıq olmağa çağırıram. Bu əsasda Təbrizdəki Güney Azərbaycan milli fəallarından tələbim və istəyim budur ki, rejimin bu cür çirkinliyə əl ata bilmə ehtimalını nəzərdən qaçırmasınlar. Eyni zamanda Təbrizdə yerli əhali də ola biləcək təhlükəyə qarşı hazırlıqlı olmalıdır. Bunun üçün də yerli əhali arasında təbliğat aparılmalıdır. Millətimiz Təbrizdə hazır olmalıdır. Çalışmalıyıq ki, rejimin belə çirkin addım atmasına imkan verməyək. Yox, əgər rejim belə bir çirkin addım atsa, yüz minlərlə insan ayağa qalxıb rejimə sərt bir şəkildə cavab verməlidir”.

Mission News Theme by Compete Themes.