Press "Enter" to skip to content

İrana işləyənlər könüllü şəkildə təslim olsunlar

Azər Həsrət

BAYRAQDAR MEDİA – Yanvarın 27-də İrandakı Azərbaycan səfirliyinə edilmiş terror hücumu ilə bağlı əlavə ayrıntılar bir daha sübut edir ki, bu əməlin arxasında fars-molla rejimi durur. İddia edildiyi kimi adi məişət məsələsi deyil, planlaşdırılmış terror əməlidir bu. Özü də ən yüksək səviyyədə.

O da bəlli olub ki, terroru törədən Yasin Hüseynzadə adlı şəxs həm SEPAH, həm də “Bəsic” sıralarında olmuş peşəkardır. Yəni adi bir kənd adamı kimi təqdim edilməsinə baxmayaraq, onun keçmişini araşdıranda bu bilgilər ortaya çıxır.

Səfirliyi terror edənin yolu SEPAH və “Bəsic”dən keçib…

Belə bir hazırlıqlı adamın dəxli olmadan Azərbaycan səfirliyində öz “arvadını axtarması”, əlbəttə ki, sual doğurmaya bilməzdi. Üstəlik onu da əlavə edək ki, terroru törətmiş şəxsin 14 yaşlı qızı açıqlama verərək anasının səfirlikdə deyil, Azərbaycanda olduğunu, onunla terrordan hardasa bir həftə öncə danışdığını, bunu atasının da bildiyini deyib. Yəni adam həyat yoldaşının səfirlikdə olmadığını bildiyi halda bu terror əməlini törədib, bir mühafizə zabitini şəhid edib.

Bu terror əməli bir daha sübut edir ki, İran Azərbaycana düşmən münasibətindən əl çəkmək istəmir. Təəssüflər olsun ki, bu məsələdən sonra Azərbaycanın içində bəzi qüvvələr hələ də İranın fars-molla rejiminin təlimatlarına uyğun davranmağa cəhd edir. Yəni bu adamlar vətəndaşı olduqları Azərbaycan Respublikasına deyil, ona düşmən münasibətə köklənmiş İrana işləyirlər…

Ona görə də Azərbaycanın müvafiq dövlət qurumları gərəkli addımlar atmaqdadır. Artıq bəllidir ki, son iki gündə İranla bağlı olmaqda şübhəli bilinən 45 nəfər saxlanılıb. Bu adamlar əsasən İranın fars-molla rejiminin dağıdıcı ideologiyasını Azərbaycanda yaymaqla, vətəndaşları öz dövlətimizə qarşı kökləməklə məşğuldur.

Bu arada Azərbaycan dövləti haqlı olaraq vətəndaşlarımızı İrana səfərdən çəkinməyə çağırıb. Çünki ora Azərbaycan vətəndaşları üçün təhlükəsiz deyil, hər cür təxribat ola bilər.

Bir də bugünlərdə Güney Azərbaycanın Xoy şəhərində baş vermiş zəlzələ bəzi gerçəkləri üzə çıxarıb. Qardaş Türkiyə dərhal reaksiya verərək Kızılay vasitəsilə Xoya yardım göndərmək istəyib. Lakin İran dövləti bunu rədd edib.

İran Türkiyədən gələn yardımı rədd etməsinə etsin də, amma necə olur ki, ehtiyac içində olan vətəndaşlarına özü də yardım etmir? Bizə çatan çoxsaylı xəbər və görüntülərdən bəlli olur ki, Güney Azərbaycanlı soydaşlarımızın evləri dağılıb, çox sayda zərər çəkmiş insan var. Bu insanlar neçə gündür gecələri belə açıq havada keçirməyə məcbur qalıblar. Belə bir şəraitdə necə olur ki, fars-molla rejimi onlara dəstək olmur, üstəlik də Türkiyədən gələn dəstəyi geri çevirir?

Bir də Azərbaycan cəmiyyətində bizim də Xoydakı qardaşlarımıza yardımçı olmağımızın zərurəti vurğulanır. Bunu deyənlər haqlıdır. Amma bir məsələ də var ki, Azərbaycan dövlətinin bu yöndə nəsə hərəkət etdiyi görünmür.

Görünmürmü?

Belə baxanda görünmür. Lakin məsələ elə deyilmiş. BAYRAQDAR MEDİA-nın əldə etdiyi bilgiyə görə, Azərbaycan dövləti zəlzələnin ardından dərhal İran tərəfi ilə yardımla bağlı anlaşmağa çalışıb. Yəni Azərbaycan Respublikası Güneyli soydaşlarımızın yanında olmaq, onlara dəstək vermək istəyib. Lakin İran rəsmi məqamları bunu müxtəlif bəhanələrlə rədd ediblər…

Bir də o məsələyə qayıdaq ki, İranın fars-molla rejiminə işləyən kəslərin artıq ciddi şəkildə düşünməsi, bu yanlış yoldan dönməsi lazımdır. Hətta deyərdim ki, bu günə qədər bilərəkdən və ya bilməyərəkdən fars-molla rejiminə qulluq etmiş, Qumdan gələn təlimatları icra eləmiş şəxslər üzə çıxıb dövlətimizin ədalətinə təslim olmalıdır. Onsuz da dövlət onları gec-tez ifşa edib qanunun ədalətinə təslim edəcək. Yaxşı olardı ki, səhvlərini anlayıb bir an öncə təslim olsunlar və dövlətin humanizmindən yararlansınlar…

Mission News Theme by Compete Themes.