Press "Enter" to skip to content

“Cümhuriyyətin 100 illiyini zəngin bir proqramla qeyd edəcəyik”

Selçuk Karakılıç

Son yeniləmə: 2 Fevral 2023 16:38

Selçuk Karakılıç: Professor İlber Ortaylıya Azərbaycan haqqında bir kitab yazdırmaq niyyətindəyik

BAYRAQDAR MEDİA – “Bakı Yunus Emre İnstitutu olaraq Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə maraqlı proqramlar reallaşdırmağı planlaşdırmışıq. Bununla bağlı əsasən mədəni proqramlara üztünlük verəcəyik”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Bakı Yunus Emre İnstitutunun müdiri Selçuk Karakılıç deyib.

Onun sözlərinə görə, Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü ilə bağlı böyük konsert proqramı təşkil olunacaq: “Bu konserti azərbaycanlı sənətçilərlə birlikdə təşkil edəcəyik. Həmçinin, türk filmlərindən ibarət bir kino festivalımız olacaq. Bundan başqa ədəbiyyat festivalı da keçirməyi planlaşdırırıq. Onu da deyim ki, bu festivallar qarşılıqlı olacaq. Yəni hər iki ölkədə keçiriləcək. Məsələn, deyək ki, Türkiyədən gələn yazarlarla azərbaycanlı yazarların birgə iştirak etdiyi ədəbiyyat festivalı təşkil edəcəyik. Bu festival çərçivəsində imza günləri, yazarlarla görüşlər və kitab təqdimatları olacaq. Başqa bir tədbirimiz isə odur ki, hər ay Türkiyənin bir şəhərinin Azərbaycanda tanıtımı olacaq. Eyni şəkildə də Şuşanın, Qarabağın, Bakının, Gəncənin Türkiyədə tanıtımı gerçəkləşdiriləcək. Həmçinin, Azərbaycanda bir Youtuberin Türkiyəyə, Türkiyədən də bir Youtuberin Azərbaycana səfərini təşkil edəcəyik. 15-20 dəqiqəlik bir proqram çəkdirmək istəyirik”.

S.Karakılıç deyib ki, yubileylə bağlı maraqlı bir planları da var: “Həmin planı gerçəkləşdirməyə çalışacağıq. Türkiyənin tanınmış tarixçilərindən olan professor İlber Ortaylıya bu il Azərbaycan haqqında bir kitab yazdırmaq niyyətindəyik. Yəni suallar əsasında 150 səhifəlik bir kitab düşünürük. Burada xüsusi olaraq Azərbaycan haqqında bütün sahələrə aid suallar olacaq və həmin suallara dəyərli professorun cavabı, dəyərləndirməsi o kitabda öz əksini tapacaq. Azərbaycan adı ilə başlayacaq bu kitabı Türkiyədə yayımlamaq istəyirik. Bu kitabı hazırlaya bilsək, Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə tarixdə qalacaq bir addım atmış olacağıq. Yəni gələcək nəsillər də bu kitabdan bəhrələnəcəklər. Ümumiləşdirsək, deyə bilərəm ki, Cümhuriyyətin 100 illiyini beş-altı, amma zəngin bir proqramla qeyd edəcəyik”.

Mission News Theme by Compete Themes.