Press "Enter" to skip to content

Acın acımız, yasın yasımızdır, qardaş!

Nadir Azəri

Son yeniləmə: 7 Fevral 2023 18:38

BAYRAQDAR MEDİA – “17 avqust Türkiyə üçün, eyni zamanda Azərbaycan üçün böyük bir fəlakət, faciə gətirdi. Həqiqətən, tarixdə az görünən zəlzələlərdən biri burada – Türkiyədə, Kocaelidə, İzmitdə, bu bölgədə baş verdi. Bu fəlakət, faciə türk xalqını nə qədər iztiraba saldısa, Azərbaycan xalqını da bir o qədər iztiraba saldı. Siz nə qədər dərdə, qəmə, qüssəyə qapandınızsa, o qədər də biz dərdə, qəmə, qüssəyə qapandıq. Çünki bizim xalqlarımız qardaşdır, dostdur, bir kökə, bir mədəniyyətə, bir dilə, bir dinə mənsub olan millətlərdir. Biz bir millətik. Ona görə də sizin dərdiniz bizim də dərdimizdir. Mən böyük öndər Atatürkün çox gözəl kəlamlarını, sözlərini daim xatırladaraq deyirəm ki, Türkiyənin ələmi Azərbaycanın ələmidir, Türkiyənin sevinci Azərbaycanın sevincidir”.

Bunu Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev 1999-cu ildə Türkiyədə baş vermiş dəhşətli zəlzələdən sonra qardaş ölkəyə etdiyi səfər zamanı bəyan etmişdi.

Azərbaycan qardaş Türkiyə üçün ayaqdadır

Növbəti köşəmizə dahi şəxsiyyətin 1999-cu ildə bəyan etdiyi bu dəyərli, hər sözündə Türkiyə-Azərbaycan qardaşlığının dönməzliyi əks olunan fikirləri ilə başlamağımız heç də təsadüfi deyil.

Əvvəla ona görə ki, qardaş Türkiyə 24 il əvvəl olduğu kimi, indi də dəhşətli, dağıdıcı və çoxsaylı insan itkisi ilə nəticələnən zəlzələyə tuş gəlib. Bu zəlzələni daha da dəhşətli edən isə onun əhatə dairəsinin genişliyi, yəni 10-a yaxın şəhər və rayonu əhatə etməsidir.

Məsələnin ikinci tərəfi isə 1999-cu ildə Kocaeli zəlzələsindən sonra şəxsən mənim şahidi olduğum bir hadisə ilə bağlıdır. Qeyd edim ki, həmin günlər, demək olar, bütün Azərbaycan xalqı qardaş Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım etmək üçün ayağa qalxmışdı. Həmin vaxt Bakıdakı türk diplomatlarını kövrəldən bir hadisə isə hələ də yaddaşlardan silinməyib.

Qardaş ölkəyə mobil səhra hospitalı və həkimlər göndərildi

Yaxşı xatirimdədir, özünə velosiped almaq üçün kassasına pul yığan balaca bir uşaq atası ilə birlikdə səfirliyə gəlmişdi. Əlində də həmin xırda pulların olduğu kassa. Həmin uşaq, “kassadakı pulları da Türkiyədə zəlzələdən zərər çəkən uşaqlara göndərmək istəyirəm” demişdi.

Bu, həm səfirlik diplomatları, həm də həmin vaxt orada olan biz jurnalistləri xeyli kövrəltmişdi.

Yuxarıda qeyd etdiyimiz kimi, bu gün qardaş Türkiyə növbəti dəfə dağıdıcı zəlzələyə tuş gəldi. Ötən illərdə olduğu kimi, bu dəfə də qardaş Türkiyənin imdadına ilk yetişən Azərbaycan oldu.

Bilindiyi kimi, fevralın 6-da səhər erkəndən Azərbaycanın dövlət başçısı İlham Əliyev zəlzələ ilə bağlı Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğana müraciət edib. Prezidentin Mətbuat Xidmətinin məlumatına görə, “Əziz Qardaşım, Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi” deyə müraciətdə bildirilib.

Azərbaycan Prezidenti İlham Əliyev gün ərzində, həmçinin, qardaş ölkənin Cümhurbaşqanı Recep Tayyip Erdoğana zəng edib. Həm müraciətdə, həm də telefon zəngində başsağlığı verilməklə yanaşı, qardaş ölkəyə lazım olam dəstəyin göstəriləcəyi də bəyan edilib. Artıq müvafiq addımlar da atılıb.

FHN qüvvələri qardaş ölkədə axtarış-xilasetməyə başlayıb – VİDEO

Azərbaycan Prezidentinin tapşırığına əsasən, ilkin olaraq 420 nəfərdən ibarət xilasedici heyət artıq qardaş ölkəyə göndərilib və hadisə yerinə çatan kimi Türkiyədən olan həmkarları ilə birlikdə dərhal fəaliyyətə başlayıb. Fevralın 7-də də Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) yardımlarından ibarət növbəti təyyarələr qardaş ölkəyə yola salınıb. Həmçinin, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı Türkiyəyə yola düşüb.

Bir sözlə, 1999-cu ildə olduğu kimi, bu gün də qardaşlarımızın yanındayıq. Bu gün də dövlət qardaşlarımıza dəstək üçün səfərbər olunub.

QHT sədrindən çağırış: Türkiyənin yanında olaq

Əminik ki, 1999-cu ildə olduğu kimi bu dəfə də xalqımız, qeyri-hökumət təşkilatları, o cümlədən iş adamları da qardaşlarımıza bacardıqları qədər dəstək verəcəklər. Əminəm ki, müvafiq istiqamətdə tez bir zamanda təşəbbüslər göstəriləcək, yardımlar ediləcək. Artıq bununla bağlı çağırışlar da edilib və kimsə şübhə etməsin ki, bizlər – sadə insanlar, QHT-lər və iş adamları da “Acın acımız, yasın yasımızdır, qardaş!” deyib, qısa müddətdə bacardığımızı edəcəyik. Çünki bizlər velosipedi sonra da ala bilərik, hansısa şənliyə sonra da gedə bilərik, indi isə o işlər üçün ayırdığımız pulu, yaxud evimizdə olan isti paltari qardaşlarımıza göndərməliyik!

Yardım etmək istəyənlərin nəzərinə

Mission News Theme by Compete Themes.