Press "Enter" to skip to content

XİN: Təxliyə prosesi davam edir

Xarici İşlər Nazirliyi

BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilməsi və onlara kömək göstərilməsi istiqamətində işlər davam edir.

Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 10-da Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, həmin tarixə qədər 438 Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən Azərbaycana təxliyə olunub, onlardan 58-i azyaşlı, 209 nəfər isə Türkiyədə təhsil alan azərbaycanlı tələbələrdir. Təxliyə prosesi davam etməkdədir.

Məlumata əsasən, Azərbaycanın Türkiyədəki səfirliyinin həyata keçirdiyi araşdırma nəticəsində haqlarında məlumat alına bilinməyən 4 Azərbaycan vətəndaşının – Səfərov Fuad Ziyad oğlu, Əsgərov Həsənqulu Elşad oğlu, Qarayev Nicat Zaur oğlu və Vəliyev Namaz Allahverdi oğlunun Malatya Geri göndərmə mərkəzində olduqları müəyyən edilib: “Səfirlik əməkdaşları tərəfindən sözügedən Azərbaycan vətəndaşları ilə görüş keçirilib. Vətəndaşlar səhhətlərinin normal olduğunu bildiriblər. Bu günə qədər 5 Azərbaycan vətəndaşının – 1980-ci il təvəllüdlü Bünyatova Nailə Aydın qızı, 1973-cü il təvəllüdlü Məmmədova (Ökten) Rəna Xudaverdi qızı, 1975-ci il təvəllüdlü Məmmədova Sevinc Eldar qızı, 1976-cı il təvəllüdlü Karlı Leyla Vahid qızının və 1974-cü il təvəllüdlü Həsənzadə İlahə Hüseynağa qızının vəfatı barədə məlumat əldə olunub. Vəfat edən şəxslərin yaxınları ilə əlaqə saxlanılıb. Karlı Leyla Vahid qızının cənazəsi ailəsi tərəfindən Türkiyədə dəfn ediləcək. Digər 4 nəfərin cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür. Allah rəhmət eləsin!”

Mission News Theme by Compete Themes.