Press "Enter" to skip to content

“Təhsil əngəl tanımır” layihəsi uğurla yekunlaşdırılıb

Süzalə Gözəl layihə iştirakçıları ilə

Son yeniləmə: 13 Fevral 2023 18:33

BAYRAQDAR MEDİA – Şəmkir rayonunda gerçəkləşdirilən “Təhsil əngəl tanımır” adlı layihənin yekun tədbiri olub. Layihə Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 6-cı qrant müsabiqəsi çərçivəsində dəstəklənib.

Xəbəri BAYRAQDAR MEDİA-ya fevralın 13-də layihənin rəhbəri, Şəmkir rayonundakı Morul şəhər tam orta məktəbinin müəllimi Süzalə Gözəlova verib.

Tədbirdə S.Gözəlova bildirib ki, sözügedən layihənin məqsədi rayonda yaşayan və sağlamlıq imkanları məhdud olan uşaqların qeyri-formal təhsil imkanlarının genişləndirilməsi, həmçinin, onların şəxsi inkişafına və peşə bacarıqlarına yiyələnməsinə dəstək göstərməkdir.

Qeyd edilib ki, layihə çərçivəsində şagirdlərin qatıldığı kurs və dərnəklərdə əldə etdikləri bilik və bacarıqlar gələcəkdə onların iş tapmalarını asanlaşdırmaq məqsədi daşıyır.

Həmçinin, sağlamlıq imkanları məhdud uşaqlar layihə müddətində digər həmyaşıdları və müəllimləri ilə də ünsiyyətdə olub. Bu isə onların sosiallaşmasına xidmət edib. Belə ünsiyyət imkanları qeyd edilən kateqoriyadan olan uşaqların cəmiyyətə inteqrasiya olunmasına şərait yaratmaq üçün nəzərdə tutulub.

Bildirilib ki, 3 ay davam edən layihə müddətində 4 istiqamətdə dərnəklər və kurslar təşkil olunub: rəsm, kompüter, dekorativ-tətbiqi sənət, dərzilik. Kurslarda peşəkarlar dərs keçib.

Layihənin bağlanış mərasimində uşaqların əl işlərindən ibarət sərgi də keçirilib. Eyni zamanda qabaqcıl təhsil işçiləri, valideynlər və sağlamlıq imkanları məhdud olan uşaqlar tədbirdə iştirak edib.

Sonda layihə rəhbəri S.Gözəlova iştirakçılara həvəsləndirici mükafatlar və sertifikatlar təqdim edib.

Təqdimatdan görüntü
Təqdimatdan görüntü

Əlavə edək ki, S.Gözəlova Şəmkir Distant Təhsil Mərkəzi fəaliyyətə başladığı gündən bu ilə qədər orada sağlamlıq imkanları məhdud uşaqlarla işləyib, öncəki illərdə də başqa istiqamət üzrə qrant layihəsinin qalibi olub.

Mission News Theme by Compete Themes.