Press "Enter" to skip to content

Dəmir yolu ilə Türkiyəyə yardım yola salınıb

Mərasimdən xatirə fotosu

Cahit Bağçı: Bu qatar Azərbaycandan Türkiyəyə qurulan könül körpüsüdür

BAYRAQDAR MEDİA – Azərbaycanda qeyri-hökumət təşkilatlarının (QHT) təşəbbüsü ilə Türkiyədə zəlzələdən zərər çəkənlər üçün keçirilən yardım kampaniyaları davam edir. Azərbaycan xalqının Kahramanmaraşda zəlzələdən zərər çəkənlər üçün yığdığı humanitar yardımları daşıyan 25 konteynerdən ibarət qatar Bakıdan Türkiyəyə yola düşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 16-da Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Humanitar yardımları daşıyan 25 konteynerdən ibarət qatar Bakıdan Türkiyəyə yola düşüb
Humanitar yardımları daşıyan 25 konteynerdən ibarət qatar Bakıdan Türkiyəyə yola düşüb

Bildirilib ki, Azərbaycandakı türk iş adamlarının yaratdığı Türkiyə Əsri Birlik və Həmrəylik Platformasının təşkil etdiyi kampaniya çərçivəsindəyığılan geyim, adyal, quru qida və gigiyena məhsullarının yer aldığı humanitar yardımın yola salınması mərasimində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, millət vəkilləri və sadə vətəndaşlar iştirak ediblər.

Ağrılarının böyük, amma əzm və qardaşlıqlarının daha böyük olduğunu vurğulayan səfir Cahit Bağçı zəlzələdən zərər çəkən vətəndaşların köməyinə gələn qardaş Azərbaycan xalqına və Prezident İlham Əliyevə təşəkkür edib.

“Bu qatar zəlzələdə evləri dağılan, dağıntılar altında qalan, sığınmağa yeri olmayan “qışın ayazında qarın altında ac, susuz qalan qardaşlarım üşüyərkən mən istidə otura bilmirəm” deyərək döşəyini, yorğanını, paltosunu, ayaqqabısını göndərən 10 milyonluq Azərbaycan xalqının isti ürəyini əks etdirir. Bu qatar Azərbaycandan Türkiyəyə qurulan könül körpüsüdür”, – deyə səfir qeyd edib.

Rövşən Rüstəmov isə bildirib ki, qatar Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 3 gün ərzində Türkiyəyə çatacaq.

Mission News Theme by Compete Themes.