Press "Enter" to skip to content

Kənd qadınları “Pıçıltılardan səslərə” keçdilər

Uğurlu xanımların bir qrupu

BAYRAQDAR MEDİA – Azərbaycandakı Qadın İnkişaf və Müəssisə Qruplarının “Pıçıltılardan səslərə” adlı kataloqu hazırlanıb. Bu maraqlı ad altında ərsəyə gələn kitab Azərbaycan Kənd Qadınları Assosiasiyası və ABŞ-ın USAID təşkilatının birgə layihəsidir. Kataloqda 23 rayon üzrə 700 qadını əhatə edən 50 qrupun fəaliyyət sahəsi, motivasiyaedici uğur hekayəsi, ictimai təmsilçiliyi, yerli və beynəlxalq səviyyədə əməkdaşlığı, diqqətçəkən fotolar yer alıb. Bu qrupların çoxu ölkədə yetərincə populyardır, hətta qrup üzvləri regionlarında rol-model olaraq tanınırlar. Lakin yeni inkişaf mərhələsində olan qruplar var. Onların biznesini genişləndirməsi, şaxələndirməsi üçün kataloq vasitəsilə tanıtıma ehtiyacları var.

Bu sözlər AKQA-dan fevralın 17-də BAYRAQDAR MEDİA-ya verilən xəbərdə yer alıb.

Xəbərdə daha sonra deyilir ki, bəs niyə “Pıçıltılardan səslərə”? AKQA sədri Gülbəniz Qənbərova bu suala belə cavab verib: “Ölkədə Qadın İnkişaf Qruplarının milli şəbəkəsini yaratmaq asan olmadı. Çünki kəndlərdəki qadınlarımız inanılmaz dərəcədə bacarıqlı, zəhmətkeş, təşəbbüskar olsalar da bəzən səslərini duyurmaqda çətinlik çəkirdilər. Biz bu kövrək pıçıltıları ailə, kənd, icma, rayon səviyyəsindən inamlı səslərə yüksəltməyə müvəffəq olduq”.

Kataloqa ön sözü Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova , USAID-in Azərbaycan üzrə missiyasının direktoru Maykl Nirbas yazıb.

H.Hüseynova: “Əziz xanımlar, sizin zəhmətiniz, yorulmadan çalışmağınız, qabiliyyətiniz həyatda özünüzü görmək istədiyiniz yerə aparacaq. Bu, sadəcə başlanğıcdır!”

M.Nirbas: “Bu nəşr biznes ictimaiyyətinə Azərbaycan kənd qadınlarının mövcud sahibkarlıq potensialını daha yaxşı anlamağa imkan verəcək”.

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, USAID-in Özəl Sektorun İnkişafına Dəstək layihəsinin rəhbəri Matt Veber qadın qruplarının həm yerli, həm də xarici müştərilərlə daha səmərəli əlaqə qurması, geniş bazarlara çıxışı baxımından kataloqun verəcəyi faydadan danışıblar.

Kataloqun regional təqdimatı fevralın 22-də Bərdə şəhərində olacaq.

Bir daha qeyd edirik ki, xəbəri AKQA-dan veriblər.

Mission News Theme by Compete Themes.