Press "Enter" to skip to content

Mətbuat Şurasında Sayman Aruzla axar.az arasındakı məsələyə baxılıb

İclasdan görüntü

Son yeniləmə: 17 Fevral 2023 19:48

BAYRAQDAR MEDİA – Azərbaycan Mətbuat Şurası Şikayətlər Komissiyasının növbəti iclasında bir sıra vacib müzakirələr aparılıb.

Xəbər fevralın 17-də BAYRAQDAR MEDİA-ya sözügedən qurumdan verilib.

İclasda Komissiyanın sədri, Prof. Dr. Vüqar Zifəroğlu bildirib ki, müxtəlif vətəndaş qrupları tərəfindən ünvanlanmış 9 şikayət nəzərdən keçiriləcək.

Şuranın Katibliyi tərəfindən verilmiş məlumatda bildirilib ki, həmin şikayətlərdən 8-nə dair müvafiq tədbirlər görülüb. Bunlardan 5-i ilə bağlı şikayətçi tərəfə aidiyyəti qurumlara müraciət ünvanlamaq tövsiyə edilib. 3 şikayət üzrə isə tərəflər arasında anlaşmanın əldə edilməsi təmin olunub. Komissiya verilmiş məlumatı məqbul qiymətləndirib.

Xəbərdə daha sonra bildirilib ki, “şikayətlər üzrə Komissiya konkret olaraq şair, yazıçı, Azərbaycan Yazıçılar Birliyi Güney Azərbaycan Şöbəsinin rəhbəri Sayman Aruzun axar.az saytı ilə bağlı şikayətini araşdırıb. Həm şikayətçi tərəfin, həm də axar.az-ın məsələ ilə əlaqədar məktubları nəzərdən keçirilib. Komissiya üzvləri müəyyənləşdiriblər ki, yazıda S.Aruza münasibətdə səslənmiş iddia və ittihamların əsaslandırılması konkret faktlar ilə müşayiət olunmur. İddia və ittihamların doğruluğuna gəldikdə, sayt cavab məktubunda bunu sübuta yetirmək üçün faktlarının olduğunu açıqlayıb. Həmin faktların doğruluğunu yoxlamaq isə Şuranın səlahiyyətində deyil”.

Komissiya üzvləri müzakirələrdən sonra belə qərara gəliblər ki, axar.az saytının S.Aruza yazıda səslənmiş fikirlər ilə bağlı cavab haqqını tanıması yaranmış problemin aradan qaldırılması üçün ən optimal variantdır.

Həmçinin, komissiya üzvləri müxtəlif şikayətlərin müzakirəsi zamanı bəzi media subyektlərində bir şəxsi aşkar şəkildə hədəfə alma meyllərinin mövcudluğunu və onların jurnalist peşəkarlığına zidd forma və metodlar, tənqid hədəfinə münasibətdə aşağılayıcı elementlər ilə nəzərə çarpdığını müəyyənləşdiriblər. Onlar media müstəvisindəki bu sayaq sui-istifadələrə qarşı sərt tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar. Çünki belə təmayüllər media müstəvisindən tam kənardır. Məsələnin MŞ İdarə Heyətinin iclasında müzakirəyə çıxarılması uyğun görülüb.

Mission News Theme by Compete Themes.