Press "Enter" to skip to content

Azərbaycan və Gürcüstan hərbi rəhbərliyi arasında görüş

Görüşdən görüntü

Son yeniləmə: 20 Fevral 2023 15:17

BAYRAQDAR MEDİA – Fevralın 20-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Bakıda rəsmi səfərdə olan Gürcüstanın Müdafiə Qüvvələri komandanı general-mayor Giorgi Matiaşvili ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya fevralın 20-də MN-dən daxil olub.

Xəbərdə bildirilib ki, “əvvəlcə gürcüstanlı qonaqlar Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsini ehtiramla yad edib və “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar”.

Sonra Baş Qərargahda rəsmi qarşılanma mərasimi keçirilib. Qonaq fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

K.Vəliyev qonaqları görməkdən məmnun olduğunu bildirib. İki xalq arasında ənənəvi dostluq və qarşılıqlı etimadın olduğunu bildirən Baş Qərargah rəisi Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişafında dövlət başçılarının görüşlərinin mühüm rol oynadığını xüsusi vurğulayıb, digər sahələrdə olduğu kimi hərbi sahədə də əlaqələrin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb.

Xəbərdə daha sonra deyilir ki, “Azərbaycana səfərindən məmnunluğunu bildirən G.Matiaşvili ölkələr arasında münasibətlərin daha da möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib. Tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunması, hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri ətraflı müzakirə edib”.

Görüşdə həmçinin, Azərbaycan, Türkiyə və Gürcüstan arasında ikitərəfli və üçtərəfli əməkdaşlığın inkişaf perspektivləri, birgə təlimlərin və işçi görüşlərin intensivliyinin artırılması barədə fikir mübadiləsi aparılıb.

Sonda Gürcüstan nümayəndə heyəti Döyüşü İdarəetmə Mərkəzinə gələrək burada şəxsi heyətlə görüşüb və yaradılmış şəraitlə tanış olub.

Qonaqlar üçün mərkəzin strukturu, iş prinsipi və fəaliyyət istiqaməti ilə bağlı brifinq təşkil edilib.

Əlavə edək ki, Gürcüstan heyətinin Azərbaycanın müdafiə Naziri Zakir Həsənovla da görüşü olub.

Mission News Theme by Compete Themes.