Press "Enter" to skip to content

Dilimizin işğaldan qurtulması yönündə düşüncələr

Azər Həsrət

Son yeniləmə: 20 Fevral 2023 22:58

BAYRAQDAR MEDİA – Fevralın 21-i Beynəlxalq Ana Dili Günü kimi qeyd edilir. Deyiləcək o qədər sözümüz, ediləcək o qədər sitəmimiz var ki, bu məsələ ilə bağlı.

Ana dilimiz – türkcəmiz, rəsmi adı ilə azərbaycan dili hələ də böyük hesabla əsarət altındadır!

Bir tərəfdə fars-molla rejiminin yönətdiyi İran adlı şər yuvası dilimi yasaq zənciri altında tutur!

Digər yanda da dünyanın daha bir baş bəlası olan böyük şər imperiyası – Rusiya ana dilimin əl-ayağına zəncir vurmağa davam edir!

Burada da özümüz – artıq 32-ci ildir müstəqil yaşayan Azərbaycan vətəndaşlarımız dilimizi yerdən-yerə vururuq!

Ana dilimizə bizdən olmayanların – işğalçı qəddar rejimlərin düşmən münasibətini anladıq, anlayırıq!

Bəs özümüz niyə bu gözəlim türkcəmizə qənim kəsilmişik?

Nədir bizi öz dilimizə bu qədər sayğısız yanaşmağa həvəsləndirən? Niyə bir qərinədir müstəqil olduğumuz halda hələ də dilimizi yabançı işğalından xilas edə bilmirik? Yaxud da xilas etmək istəmirik?

Rusiyanın və rus dilinin işğalını nəzərdə tuturam. Biz dövlət və xalq olaraq 1991-ci ildə, milli azadlıq hərəkatının və qurbanların hesabına SSRİ adı altında maskalanan rus – Rusiya imperiyasından azad olduq!

Azad olunca düşündük ki, dilimizi də əsarətdən xilas edəcəyik tezliklə! Amma olmadı!

Aradan bu qədər müddət keçib, biz hələ də rus dili aşiqləri ilə mübahisə edirik! Xalqımız az qala iki yüz il sürən rus əsarətindən xilas olub, amma hələ də rus dili aşiqləri Azərbaycanı xor görməyə davam edir!

Bir millətin fərdləri özlərinə – mənsub olduqları millətə niyə bu qədər sayğısız yanaşsın axı? Nədir bunun altında yatan səbəb?

Bəlkə manqurtlaşdırmadır? Yəqin ki, odur! Yəqin ki, hələ çox iş görməli olacağıq ki, bu bəladan birdəfəlik qurtulaq!

Hər kəs bilsin, bilməlidir ki, bizim insanımız rus dilini yaşatmaqla qanlı rus imperiyasının ömrünün uzadılmasına əlavə töhfə vermiş olur!

Hər kəs bilsin ki, rus olmadığı halda uşağını rus məktəbində oxudan bir insan bu yolla rus imperiyasının canına can qatır!

Və o ömrü uzanan, canı daha da canlanan imperiya günü bu gün də içimizdədir, igid oğullarımızın qanı hesabına Ermənistanın işğalından azad etdiyimiz Qarabağımızı min bir bəhanə ilə nəzarət altında tutur!

Rusların həm də güc aldığı qüvvə rus olmadan rus dilinin, mədəniyyətinin, məktəbinin ardınca sürünən öz vətəndaşlarımızdır!

Etməyək bunu! Dilimizə, kimliyimizə sahib çıxaq! Dilimizi, kimliyimizi də işğaldan azad edək!

Və əlbəttə ki, təfəkkürü orta yüzillərdə ilişib qalmış fars-molla rejiminin əsarətindəki Güney Azərbaycan və bütün İran adlanan coğrafiyadakı türklərin dil fəlakəti! Bunu da unutmuruq, unutdurmuruq, unuda bilmərik!

Qurtuluş yolumuz varmı? Var! Güney Azərbaycan fars-molla rejimindən azad olub yeni bir Cümhuriyyət kimi dünyaya tanınacaq!

Rusiya adlı şər imperiyası çökəcək, əsarətdəki bütün türk xalqları azad olacaq və dillərinə sahib çıxacaqlar!

Başqa yolumuz yox! Dilimizi işğaldan tam qurtarmaq üçün özümüz də millət olaraq işğaldan tam qurtulmalıyıq!

Mission News Theme by Compete Themes.