Press "Enter" to skip to content

MEK-də Xocalı qurbanları anılıb

Tədbirdən görüntü

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında Xocalı soyqırımının 31-ci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə MEK əməkdaşları və kitabxanada istehsalat təcrübəsində olan tələbələr iştirak edib.

Öncə Xocalı qurbanlarının, həmçinin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra kitabxananın baş direktoru, Prof. Məmməd Əliyev çıxış edərək Ermənistanla birgə Rusiyanın da yaxından köməyi ilə Xocalı şəhərində törədilən faciədən söz açıb, həmin acı günün 30 illiyinin ötən il MEK-də geniş şəkildə qeyd edildiyini xatırladıb. Professor faciəyə ilk siyasi-hüquqi qiyməti Ulu Öndər Heydər Əliyevin verdiyini deyərək, daha sonra Prezident İlham Əliyevin, birinci vitse-prezident Mehriban Əliyevanın bu yöndə gördüyü işləri diqqətə çatdırıb. O, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyasından danışıb. Baş direktor Azərbaycanın 44 günlük müharibədə qazandığı zəfərdən də bəhs edib. Bu zəfərin gənclərdə böyük ruh yüksəkliyi yaratdığını bildirib. Həmin gənclər sayəsində Xocalıda da çox yaxında Azərbaycan bayrağının dalğalanacağına inandığını deyib.

Tədbirin sonunda MEK-in icraçı direktoru, Dos. Dr. Şəhla Tahirqızı Xocalı faciəsi və bu faciə ilə bağlı kitabxanada görülən işlər haqqında fikirlərini BAYRAQDAR MEDİA ilə bölüşüb: “Tarix boyunca ermənilər Azərbaycan xalqının başına müsibətlər, faciələr gətirib. Həmin müsibətlərdən biri də Xocalı faciəsidir. Onu qeyd edim ki, biz Mərkəzi Elmi Kitabxana olaraq hər il bu faciə qurbanlarını yad edirik. Bununla bağlı kitabxananın sərgi salonunda bir həftə boyunca Xocalı faciəsini özündə əks etdirən sənədlər, kitablar nümayiş olunur. Həmin sərginin virtual formasını da kitabxananın elektron ünvanlarında yerləşdirib oxucuların istifadəsinə veririk. Allah bir daha bu faciə qurbanlarına rəhmət eləsin”.

Qeyd edək ki, hazırda MEK-in Sərgi salonunda sözügedən mövzuda olan nəşrlər sərgilənir, həmçinin sərgi virtual formada oxuculara təqdim olunur.

Mission News Theme by Compete Themes.