Press "Enter" to skip to content

Bizə Xocalını yaşadanları unutmadıq, unutdurmayacağıq!

Azər Həsrət

Son yeniləmə: 24 Fevral 2023 10:05

BAYRAQDAR MEDİA – 26 fevral Xocalı soyqırımının növbəti – 31-ci ildönümüdür. O məşum hadisələrin müasiriyəm. Şəxsən o günlərin ümummilli acılarına şahidlik etmişəm. Xocalıdan uzaqda yaşasam da millətin bir həssas fərdi kimi mən də o günlərdə acılardan qıvrılmışam…

Aradan 31 il keçir artıq. Millətin yaddaşı, nə yaxşı ki, korşalmayıb. Həm də nə yaxşı ki, artıq aradan keçən bu illərdə biz Şuşa başda olmaqla o müqəddəs torpaqlara bayrağımızı sancmışıq. Düzdür, hələ Xocalıda deyilik. Amma orada da bayrağımızın dalğalanacağı gün uzaqda deyil.

Xocalı faciəsini bizə kim yaşadıb deyincə, ilk ağla gələn təbii ki, ermənilər olur. Başa düşüləndir. Çünki bütün dünyanın gözü qarşısında bu faciəni törədənlər ermənilər idi. Biz bunu görmüşdük, bilirdik, yadımızdadır.

Biz həm də onu görmüşdük ki, ermənilərin başımıza gətirdiyi Xocalı faciəsini, bizə yaşatdığı soyqırımı törətməkdə yaxından iştirak edən üçüncü qüvvə də vardı. Bu da ruslar idi!

Məhz rusların köməyi ilə ermənilər törətdi Xocalı soyqırımını! Biz bugünkü kimi xatırlayırıq ki, Rusiyaya məxsus 366-cı alay Xocalıya xain hücumda açıq şəkildə iştirak edib!

Rusiya və ruslar olmasaydı ermənilər və Ermənistanın bizim üzərimizə gəlmək üçün cəsarəti olardımı heç? Əsla! Nə dünya erməniliyi, nə də onların baş tutmamış Ermənistan adlı dövləti Azərbaycanla və ümumiyyətlə türk milləti ilə ayaq uzlaşdıracaq gücdə və durumda deyil!

Xocalını bizə erməni-rus alyansı yaşadıb! Bunu belə bilməli, belə xatırlamalı, gələcək nəsillərə belə ötürməliyik!

Rus ordusu işğalçıdır, qəddardır, insanlıq düşmənidir!

Rus ordusu günümüzdə də necə olduğunu Ukraynada açıq şəkildə göstərir! Artıq 2-ci ildir ki, Rusiya Ukrayna torpaqlarının bir qismini işğal altında tutur! Minlərlə günahsız və dinc ukraynalı rus bombalarından həlak olub. Şəhərlər, kəndlər yerlə yeksan edilib, Ukraynanın dinc həyatı bərbad edilib! Rusların sayəsində!

Rus ordusu qaniçəndir, qəddardır! Bir zamanlar biz də – şəxsən mən özüm də o ordunun bir mənsubu olmuşam. Sovet Ordusu deyilirdi onda. Amma mahiyyət eyni idi: qaniçən rus ordusu idi həmin ordu!

Dünyanın başına bəla olan bu ordu 2020-ci ilin 44 günlük savaşındakı halalca qələbəmizə belə öz murdar burnunu son anda soxmaqdan geri qalmadı! Bu gün Xocalı soyqırımının 31-ci ildönümündə belə məhz rusların üzündən o torpaqlara dönə bilmirik!

Bu gün Xocalıya dönə bilməməyimizin səbəbkarı bir çoxlarının düşünüdüyü kimi, ermənilər deyil. Onların buna nə cürəti çatar, nə də gücü. İlana zəhər verən kərtənkələ misalı ruslardır bizi hələ də Xocalıya həsrət qoyan!

Amma bu da bitəcək! Biz çox yaxında Xocalıya dönəcək, oranı da tikib-quracaq və dinc həyatı bərpa edəcəyik!

Bu arada təəssüflə qeyd etmək istərdik ki, hər il Xocalı soyqırımın növbəti ildönümü ərəfəsində Azərbaycanda bəzi manqurtlar 23 fevral – Rusiyada vətən müdafiəçiləri gününü xüsusi həvəslə qeyd edir. Bu gün isə bir zamanlar Sovet Ordusu və Hərbi Dəniz Donanması Günü idi.

Məhz bu ordu idi həm də Xocalıdakı o soyqırımı törədən!

Məhz bu ordu idi 1990-cı ilin 20 yanvar faciəsini bizə yaşadan!

Məhz bu ordu idi 1920-ci ilin 28 aprel günündə Azərbaycan Xalq Cümhuriyyətini işğal edərək müstəqil dövlətimizi yox edən!

Sonra da bu ordu düz 70 il bizi əsarətdə saxlamışdı!

İndi içimizdən bəziləri çıxıb bu qaniçən cəllad ordusunun “bayramını” qeyd edir və hələ üstəlik bizə də haqlı olduqlarını sübut etməyə çalışırlar!

Qanlı rus ordusunun bayramını qeyd edənləri Xocalı qurbanlarının qanı, onların yaxınlarının ahı tutmazmı?!

Xocalını unutma! Xocalı ilə bərabər bu faciəni bizə yaşadan erməni terrorçularını unutma! Xocalı ilə bərabər ermənilərlə bir olub bizi qanımıza qəltan edən işğalçı rusların cinayətlərini də unutma, ey Vətən övladı!

Mission News Theme by Compete Themes.