Press "Enter" to skip to content

Qasım Süleymani yalnız fars şovinizminə xidmət edib

Məcid Cavadi

Son yeniləmə: 27 Fevral 2023 13:56

Məcid Cavadi: Qasım Süleymani bir zamanlar Ermənistanın işğalı altında olan Qarabağda PKK düşərgələrini yaradan biridir

BAYRAQDAR MEDİA – “Qasım Süleymani heç vaxt Azərbaycanın xeyrinə addım atmayıb. O, yalnız fars şovinizminə xidmət edib. Bunu hər kəsə, o cümlədən Azərbaycanda bu adamı qəhrəman kimi qələmə verənlərə bir daha xatırlatmaqda fayda var”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi deyib.

M.Cavadi bildirib ki, Q.Süleymani bir zamanlar Ermənistanın işğalı altında olan Qarabağda PKK düşərgələrini yaradan biridir: “Sizə təqdim etdiyim bu videoda İranın rəsmi televiziyasında bildirilir ki, Qasım Süleymani özü şəxsən Qarabağ məsələsinə müdaxilə edirdi. Vurğulanır ki, Q.Süleymani Azərbaycan torpaqlarının işğaldan azad olunmasına mane olurdu. Səbəb də odur ki, bu torpaqlar azad olunandan sonra türk dünyasının birləşməsi gündəmə gələcək. Bu isə İranın uzunmüddətli maraqlarına zidd idi. Ona görə də Q.Süleymani bu cür addım atırdı. Hesab edirəm ki, o Qasım Süleymanı sevdalıları bu videoya diqqətlə baxsalar pis olmaz”.

M.Cavadi bildirib ki, bu da son deyil: “Sizə təqdim etdiyim bu videoda isə Q.Süleymaninin özü şəxsən türkləri hədəfə alıb. O, “türklər iranlı deyillər. Gəldilər yeddi yüz il bizim ölkəmizi işğal etdilər. Bizim ölkəmiz yeddi yüz il tarixsiz qaldı” deyir. Təbii ki, Q.Süleymani yeddi yüz il deyəndə Qəznəvilərdən Səfəvilərə qədər olan dövrü nəzərdə tutur. O, bu zaman Səfəvi, Əfşar və Qacar sülalələrini türk saymır. Amma bütün dünyaya bəllidir ki, Səfəvilər də, Qacarlar da, Əfşarlar da Oğuz türklərinin nəticələri idilər. Yəni bu adamın təfəkkürü bu idi. Sırf fars şovinistliyindən çıxış edərək türkləri işğalçı gözündə görürdü. Halbuki ən böyük işğalçılardan biri elə farslardır ki, türk torpaqlarına, o cümlədən Güney Azərbaycana sahibləniblər”.

M.Cavadi deyib ki, məhz bu fars şovinistliyindən irəli gələrək Q.Süleymani PKK düşərgələrini ilk dəfə Ermənistanın işğalı altında olan Qarabağda qurub: “O, PKK-nı bu torpaqlara gətirərək Ermənistanın işğalçılıq siyasətinin davam etməsini, ermənilərin bu siyasətdən geri çəkilməməsini təmin edib. Özü də uzun illər”.

Mission News Theme by Compete Themes.