Press "Enter" to skip to content

Azərbaycan və qardaşlıq kəlmələri qoşa çəkilir

Türkiyə görüşlərindən xatirə fotosu

Son yeniləmə: 28 Fevral 2023 14:27

Emin Həsənli: Bu gün Türkiyənin hər yerində Azərbaycana xüsusi minnətdarlıq ifadə edilir

BAYRAQDAR MEDİA – “Bu gün qardaş Türkiyənin hər yerində Azərbaycana sevgi, məhəbbət birə min artıb. Əslində, bizim qardaşlığımız hər zaman dünyaya nümunə olub. Lakin fevralın 6-da baş verən dəhşətli zəlzələdən sonra Azərbaycan dövlətinin və xalqının qardaş Türkiyəyə göstərdiyi çevik, həmçinin isti münasibət dillər əzbəri olub”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Qardaş Köməyi” Platformasının təsisçilərindən biri, “Qardaşlığımız əbədidir” QHT koalisiyasının sədri Emin Həsənli deyib.

Xatırladaq ki, bir neçə gün öncə “Qardaş Köməyi” Platformasının təsisçilərindən bir qrupu Türkiyəyə, zəlzələ bölgəsinə səfər etmişdi. Həmin heyətin digər üzvləri artıq Azərbaycana qayıtsa da, Emin Həsənli hələ də Türkiyədədir. O, zəlzələ bölgəsini ziyarət edəndən sonra İstanbula gedib.

Ali Sivri ilə görüş
Ali Sivri ilə görüş

Bu barədə məlumat verən E.Həsənli deyib ki, İstanbulda Birinci Ordu komandanı, İstanbulun qarnizon rəisi, ordu generalı Ali Sivri ilə görüşüb: “Türkiyə Muharıb Gazilər Dərnəyinin İstanbul şöbəsinin başqanı, Kıbrıs qazisi Ahmet Kendigelin də iştirak etdiyi görüş xoş əhval-ruhiyyədə keçdi. Cənab general göstərilən dəstəyə görə başda Prezident İlham Əliyev olmaqla Azərbaycan dövlətinə və xalqına minnətdarlığını çatdırdı. O, qeyd etdi ki, dünya bir daha Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz olduğunu gördü. Azərbaycanın zəlzələ zamanı nümayiş etdirdiyi fəaliyyətə sözlə qiymət vermək çətindir”.

Gördüklərimiz bizi çox təsirləndirdi

E.Həsənli bildirib ki, Azərbaycanla bağlı xoş sözləri digər görüş və tədbirlərdə də eşidib: “Qeyd edim ki, biz Azərbaycana eyni yanaşmanı, xüsusi sevgi və məhəbbəti “Qarabağ Azərbaycandır” Milli Platformasının Türkiyə Baş Koordinatorluğu və “Kocaeli Qarabağ Azərbaycan Həmrəylik və Vətəndaşlıq Dərnəyi”nin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə də hiss etdik. Anadolu Aydınlar Dərnəyinin sədri Prof. Dr. İbrahim Öztek, “Qarabağ Azərbaycandır” Milli Platformasının Türkiyə Koordinatoru Dr. Elvin Abdurahmanlı və Kocaeli Qarabağ Dərnəyi başqanı Prof. Dr. Güneş Şahin tədbirdə məruzə ilə çıxış etdilər. Xocalı soyqırımına və ümumilikdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qətliamlara həsr edimiş tədbirdə çıxış edən hər kəs bir məsələni xüsusi vurğuladı. Qeyd olundu ki, bu gün Türkiyədə Azərbaycan və qardaşlıq kəlmələri qoşa çəkilir. Tədbirdə mən də çıxış etdim və qardaşlığımızın heç zaman sarsılmayacağını bildirdim”.

E.Həsənli əlavə edib ki, qardaş ölkəyə səfəri davam edir. Səfər çərçivəsində Azərbaycan və Türkiyənin hərbi yönümlü təşkilatlarının əlaqələrinin yeni dönəmi ilə bağlı görüş və müzakirələr də nəzərdə tutulub.

Mission News Theme by Compete Themes.