Press "Enter" to skip to content

Qazaxıstanda mediaya hücumlar təşkil edən şəxs saxlanılıb

Karla Jamankulova

Məqsəd ölkə Prezidentini və onun islahatlarını gözdən salmaq imiş…

BAYRAQDAR MEDİA – Fevralın 28-də qardaş Qazaxıstanın Daxili İşlər Nazirliyi adət etmədiyimiz bir məlumat yayıb. Nazirlik xeyli müddətdir mediaya və jurnalistlərə hücumlar təşkil etməkdə şübhəli bilinən qrupun üzvlərini saxladığını açıqlayıb.

Nazirliyin açıqlamasında bildirilir ki, bu hücumları O.Tokarev adlı peşəkar haker, xarici vətəndaş koordinə edirmiş.

Açıqlamada qeyd edilir ki, adı çəkilən şəxsin birbaşa təşkilatçılığı ilə Güljan Yergaliyeva, Gülnar Bajkenova, Vadim Boreyko, Samal İbrayev və başqalarına hücumlar gerçəkləşdirilib.

Saxlanılarkən O.Tokarevin istifadə etdiyi texniki vasitələr də ələ keçirilib. O, bu vasitələrdən istifadə edərək anonim Telegram kanallarında hədəfə aldığı şəxslərə qarşı qanunsuz əməlləri icra edəcək şəxsləri cəlb etmək üçün elanlar yerləşdirirmiş. Eyni zamanda icraçıları cəlb edərək eyni kanallar üzərindən onların əməllərini koordinə edirmiş.

Polisin məlumatına görə, adı çəkilən şəxs qeyd edilən üsulla 30-dan çox qanunsuz əməl törədib. Bu əməllər arasında avtonəqliyyat vasitələrinin yandırılması, jurnalistlərin hədələnməsi, onlara və yaxınlarına, redaksiyalarına basqınlar, virtual hesabların ələ keçirilməsi və DDoS hücumlar daxildir.

Ən maraqlısı isə qrupun bütün bu əməlləri ilə bağlı Qazaxıstan DİN-in əlavəsidir. Deyilir ki, “cinayətkar qrupun məqsədi Qazaxıstan Prezidenti və onun həyata keçirdiyi demokratik islahatları gözdən salmaq üçün media təmsilçilərinin təqib edildiyi görüntüsünü yaratmaq olub”.

Şübhəli şəxs məhkəmənin qərarı ilə iki ay müddətinə həbs edilib.

Məsələyə BAYRAQDAR MEDİA üçün Qazaxıstandakı “Adil Söz” Beynəlxalq İfadə Azadlığını Müdafiə Fondunun prezidenti Karla Jamankulova münasibət bildirib. O, deyib ki, prosesin başlamasına görə sevinir.

“Mən şadam ki, proses başlayıb və istintaq qrupu silsilə hücumlar təşkil edənləri aşkarlayıb. Ümid edirik ki, istintaq tezliklə sifarişçilərin də adlarını açıqlayacaq. Özü də kimliyindən asılı olmayaraq onların adlarını ictimailəşdirməkdən də çəkinməyəcək”, – deyə K.Jamankulova bildirib.

Mission News Theme by Compete Themes.