Press "Enter" to skip to content

Zəlzələ bölgəsində “Sosial market” layihəsi

Hüseyn Büyükfırat

Son yeniləmə: 1 Mart 2023 08:58

Hüseyn Büyükfırat: İnsanlar hər gün “Sosial market”ə gələrək ehtiyacı olan ərzaq, gigiyenik vasitələr və digər ləvazimatları götürürlər

BAYRAQDAR MEDİA – “Türkiyədə baş verən dəhşətli zəlzələ iki dövləti və xalqı bir-birinə daha da yaxınlaşdırdı. Bu qardaşlığın sonsuza qədər davam edəcəyinə kimsənin şübhəsi yoxdur”.

Bunu BAYRAQDAR MEDİA-ya hazırda zəlzələ bölgəsində – Adıyamanda olan Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat deyib.

Ərazidə dəstək işlərində TÜİB heyəti də yaxından iştirak edir
Ərazidə dəstək işlərində TÜİB heyəti də yaxından iştirak edir

Zəlzələdən dərhal sonra əraziyə gedən H.Büyükfırat Adıyamanda zəlzələdən zərər çəkənlərə yardım işlərinə dəstək verir.

Azərbaycan xalqından örnək addım

BAYRAQDAR MEDİA-ya açıqlamasında H.Büyükfırat deyib ki, “Qardaş Köməyi” Platforması vasitəsilə əraziyə göndərilən yardımların əhaliyə çatdırılmasında Azərbaycandan və Şanlıurfadan gələn könüllülər yaxından iştirak edirlər: “Artıq burada “Sosial market” yaratmışıq”.

Bildirilib ki, gələn yardımlar bu marketə toplanır: “İnsanlar hər gün “Sosial market”ə gələrək ehtiyacı olan ərzaq, gigiyenik vasitələr və digər ləvazimatları götürürlər. Burada da onlara məhz gənc könüllülər yardım edirlər”.

Heyət zəlzələdən zərər çəkən kəndlərə də müntəzəm olaraq yardımlar aparır
Heyət zəlzələdən zərər çəkən kəndlərə də müntəzəm olaraq yardımlar aparır

H.Büyükfırat bildirib ki, ərazidə dəstək işlərində TÜİB heyəti də yaxından iştirak edir: “Biz artıq şəhər mərkəzindən kəndlərə doğru hərəkət etməyə başlamışıq. Heyətimiz zəlzələdən zərər çəkən kəndlərə də müntəzəm olaraq yardımlar aparır. Yaxın vaxtlarda bu cür yardımların sayını daha da artırmağı düşünürük. Bir sözlə, köməyə ehtiyacı olanların dadına çatmaq üçün gecə-gündüz çalışırıq”.

Recep Tayyip Erdoğanla tarixi görüşdən xatirə fotosu
Recep Tayyip Erdoğanla tarixi görüşdən xatirə fotosu

Bir neçə gün öncə Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın MHP Genel başqanı Devlet Bahçeli ilə Adıyamana səfər etdiyini deyən H.Büyükfırat bu səfərin bir şox məqamlarla yadda qaldığını bildirib: “Səfəri maraqlı və yaddaqalan edən məqamlardan biri də Sərvər Bəşirli ilə görüş oldu. Zəlzələnin ilk günlərində bütün əşyalarını götürüb köhnə avtomobili ilə yardım məntəqəsinə gedən Sərvər Bəşirli Azərbaycan-Türkiyə qardaşlığının daha bir nümunəsi oldu. Artıq S.Bəşirli burdadır. Zəlzələ bölgəsində insanlara birbaşa yardım edir. Səfər zamanı da o, Cümhurbaşqanı Recep Tayyip Erdoğanla görüşdü. Görüş çox duyğusal anlarla yadda qaldı. Nə qədər ki, Sərvər kimi oğullarımız var türk dünyası hər zaman ayaqda duracaq”.

Mission News Theme by Compete Themes.