Telman Nüsrətoğlu: Prezident İlham Əliyevin son çıxışları yeni dünya düzəninin qurulması istiqamətində önəmli mesajlardır
BAYRAQDAR MEDİA – “Azərbaycan getdikcə geosiyasi çəkisini artırır və dünya siyasətində önəmli oyunçulardan biri halına gəlir. Bu, istər enerji, istər nəqliyyat dəhlizləri, istərsə də digər sahələrdə özünü göstərir. Xüsusilə 44 günlük müharibədə əldə edilən zəfərdən sonra Azərbaycanın beynəlxalq arenada siyasi çəkisi daha da artıb. Bu isə Azərbaycanın yeni dünya düzəninin formalaşması ilə bağlı məsələlərdə də aktiv rol almasına, təşəbbüslər irəli sürməsinə təkan verib”.
Bunu Preizdent İlham Əliyevin martın 2-də Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündəki çıxışını BAYRAQDAR MEDİA üçün dəyərləndirən tarix elmləri doktoru, Türk İslam Araşdırmaları Mərkəzinin başqanı Telman Nüsrətoğlu deyib.
Xatırladaq ki, Prezident İlham Əliyev çıxışında, “yeni dünya düzəni yenidən formalaşmaqdadır. İndi dünya soyuq müharibənin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir” deyib.
Öz növbəsində T.Nüsrətoğlu bildirib ki, Prezident İlham Əliyevin son çıxışları yeni dünya düzəninin qurulması istiqamətində önəmli mesajlardır: “Yəni dövlət başçısının istər çoxqütüblü dünyanın zərurət olması, burada bir neçə mərkəzin ön plana çıxması, istərsə də xüsusilə Qoşulmama Hərəkatı, Afrika ölkələri və İslam Konfransı Təşkilatının bir şəkildə BMT Təhlükəsizlik Şurasında təmsil olunmasını təklif etməsi çox qiymətlidir. Eyni zamanda, çox maraqlıdır ki, Azərbaycan həm İslam Konfransı Təşkilatı ilə, həm də Qoşulmama Hərəkatı ilə çox yaxın, sıx münasibətlər içərisində olan bir ölkədir. Təbii ki, Afrika ölkələri ilə də bizim Türkiyə ilə birlikdə münasibətlərimiz getdikcə dərinləşir. Yəni xüsusilə Şuşa Bəyannaməsindən sonra bizim ortaya qoymuş olduğumuz strateji güc yüksəlişi, burada Türk Dövlətləri Təşkilatı və Türkiyə-Azərbaycan birliyini də düşündüyümüz zaman, çox önəmli bir həmlədir. Dünya nizamına təsir edəcək bir addımdır. Bunun reallaşma ehtimalları da çox yüksəkdir”.





