BAYRAQDAR MEDİA – Türkiyənin Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin Meteorologiya Ümumi Müdirliyinin dərc etdiyi quraqlıq xəritəsi Eskişehirdə narahatlıq yaradıb. Həmin xəritədə Eskişehirin “çox şiddətli quraqlıq” təhlükəsi ilə üzləşdiyi qeyd edilib.
Məlumatı Anadolu Gazetesi yayıb. Məlumata görə, Kənd Təsərrüfatı Mühəndisləri Palatasının Eskişehir şöbəsinin sədri Levent Özbunar bildirib ki, Türkiyə su baxımından zəngin ölkə deyil, su qıtlığından əziyyət çəkən ölkədir.
Hər damcı suyun qənaətlə istifadə edilməsinin lazım olduğunu vurğulayan Özbunar bildirib ki, evlərdə istifadə olunan su ilə yanaşı, kənd təsərrüfatında suvarmada istifadə olunan suya da ciddi qənaət edilməlidir: “Su ilə bağlı şüurlu və bütün ictimaiyyətlə birlikdə hərəkət etmək lazımdır. Sistemli həll yolları hazırlanmasa, su böhranı daha da dərinləşəcək”.
O, qeyd edib ki, kənd təsərrüfatında suvarma mədəni bitki sortlarının suya ən həssas olduğu dövrlərdə aparılmalıdır: “Suvarmaçılar mövcud su vəziyyəti və suyun qorunması haqqında məlumatlandırılmalı və onlara təlim keçməlidirlər. Suvarma kanallarında suyun ötürülməsində itkilərə səbəb olacaq məsələlər aradan qaldırılmalıdır”.





